Accessibility links

İlham Əliyev: Heç kim məsuliyyətdən qaça bilməyəcək


Mayın 20-də prezident İlham Əliyev Azadlıq prospektində yanğının baş verdiyi binada olub.

Dövlət başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi ilə əlaqədar Dövlət Komissiyasının üzvlərinə tapşırıq verib.

Ölkə prezidentinin rəsmi saytının məlumatına görə, daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezidentin rəhbərliyi ilə iclası keçirilib.

İlham Əliyev hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Prezident bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir. Hazırda paytaxtda oxşar materiallarla üzlənmiş binaların kifayət qədər çox olduğunu diqqətə çatdıran dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstəriş verib.

İlham Əliyev hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlar verib.

Prezident bir daha hadisənin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.

Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib.

APA agentliyi də prezidentin çıxışı ilə bağlı məlumatlar yayıb. Agentliyin məlumatına görə, prezident bildirib ki, son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib.

“Çünki öz məsuliyyətlərini dərk etməyiblər. Vaxt gələcək, ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq”.

Dövlət başçısı deyib ki, həmin iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar:

“Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.

Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var."-prezident İlham Əliyev

Dövlət başçısı tələb edib ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün konkret təkliflər paketi təqdim edilsin.

“Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur”.

O deyib ki, tənzimləmə məsələləri, qaydaları qanunvericilikdə təsbit edilir, ancaq həyatda buna riayət olunmur: “Binalar təmir edilir, müqavilə bağlanmır. Bu, ümumiyyətlə, qəbuledilməzdir. Yaxud sertifikat bir maddəyə verilir, oda davamlılığın artması, materialın yüksək səviyyəli olması üçün hansısa maddələr əlavə edilməlidir, lakin istehsalat zamanı o qatqı əlavə edilmir, beləliklə, o keyfiyyət itirilir. Ona görə də hər bir mərhələdə istifadə edilən bütün tikinti materiallarına ciddi nəzarət olmalıdır. Müqaviləsiz iş görülən, ekspertizası olmayan bina olmamalıdır. Əgər ekspertiza varsa, ekspertiza həqiqətə uyğun deyilsə, o zaman o ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir. Ona görə də burada hüquq-mühafizə orqanlarının çox geniş iş fəaliyyəti nəzərdə tutulur ki, biz birdəfəlik bu hərc-mərcliyə son qoyaq. Çünki bu, bizə yaraşmaz. Azərbaycanda bu qədər abadlıq, quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim təhlükəsizlik və keyfiyyətdir, ancaq biz həyatda bu qaydaların pozulduğunu görürük”.

İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur."-prezident İlham Əliyev

Prezident Əliyev qanunsuz evlərin tikildiyini də bildirib: “İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”.

Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir."-prezident İlham Əliyev

Dövlət başçısı həmçinin qeyd edib ki, yüksək gərginlikli xətlərin altında çoxlu sayda evlər tikilib: “İndi bəlkə də insanlar bunun özləri üçün nə qədər böyük təhlükə olduğunu başa düşmürlər. Ancaq o icazəni verən necə? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq, özbaşına kim nə edə bilər?”.

Əliyev deyib ki, bələdiyyə də necə deyərlər, yerli icra başçılarının filiallarına çevrilib.

“Bələdiyyənin öz səlahiyyəti var, indi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə görülən işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu, bələdiyyənin bilavasitə işidir”.

İndi Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyət olmalıdır.

Dövlət başçısı bildirib ki, bütün kənd yolları dövlət büdcəsi, yaxud Prezidentin Ehtiyat Fondu hesabına tikilir: “Bələdiyyə sadəcə, bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır. Soruşuram ki, bu qanunsuz binalar haradan meydana gəlib, heç kim bilmir. Bu, mümkün deyil. Bu yanğın da bu mənbədən qaynaqlanan hadisədir. Qanunsuzluğa, özbaşınalığa son qoyulmalıdır. Gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün Dövlət Komissiyasının üzvləri mənə konkret təkliflər versin. Bir balaca bina da icazəsiz tikilə bilməz. Əgər bundan sonra bu olacaqsa, nəinki işdən çıxaracam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyət olmalıdır. Dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar”.

Əliyev bildirib ki, Azərbaycan ictimaiyyəti hər şeyi bilir: “Heç kim qanundan kənar qala bilməz, bir nəfər belə toxunulmaz deyil”.

Dövlət başçısı çıxışının sonunda xəbərdarlıq edib: “Bu gün bir daha bütün dövlət məmurlarına, dövlət qurumlarında çalışanlara xəbərdarlıq edirəm. Qanuna hər kəs əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. Bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcək, ədalət bərpa ediləcək”.

XS
SM
MD
LG