Yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Prezident İlham Əliyev bildirib ki, dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. “Bu amilin əsasında iqtidarla xalq arasında olan birlik dayanır”, o qeyd edib.
O deyib ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. “Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir. Bununla yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb”.
İqtisadi gücün siyasi səhnədə də Azərbaycanın öz sözünü deməyə, milli maraqlarınıqorumağa imkan yaratdığını vurğulayan Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz durumundan danışıb. “Kriminal rejimin rəhbərlik etdiyi bu ölkə öz çirkin və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onun müstəmləkə durumu daha da dərinləşəcək”, dövlət başçısı qeyd edib.
Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən president bildirib ki, hazırda orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır. “Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib”.
Onun sözlərinə görə, son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. “İndi bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib, 340 körpü-tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeroport inşa olunub. Son illərdə ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib”.
Prezident Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycanın gücünü daha da artırdığını bildirib.