Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban SOCAR prezidenti Rövnəq Abdullayevin Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı olmadığını deməsində əslində həqiqət olduğunu bildirib.
Ekspertin fikrincə, Azərbaycanda müstəqilliyini əldə edəndən bəri bu bağlılıq mövcud olmayıb. O, daxili bazarda qiymətlərin ancaq dövlət tərəfindən tənzimləndiyini deyib.
İlham Şaban yalnız 2014-cü ilin aprel ayının 1-dən yüksək oktanlı benzinin qiymətinin hökumət tərəfindən tənzimlənməsinin aradan qaldırıldığını bildirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri qiymətlərin tənzimlənməsinin təkcə pərakəndə deyil, topdansatışa da şamil edildiyini qeyd edib.
Başqa ölkələrdə yanacağın qiyməti 3-5 faiz civarında dəyişirsə, Azərbaycanda bu göstərici 30 faiz təşkil edir
Benzinin Azərbaycanda dəyəri bir litr üçün 70-lə 1.5 manata qədərdir. Dünya bazarlarında neftin dəyəri azalır, lakin Azərbaycanda vəziyyətin eyni olaraq qaldığına diqqət çəkən ekspert deyib ki, Azərbaycanda yanacağın qiyməti ilk dəfə 2013-cü ilin dekabrında dəyişib.
Azərbaycan reallığında yanacağın qiymətinin hər 4, maksimum 5 ildən bir dəyişdiyini deyən İlham Şaban dəyişdirilən qiymətlərin çox yüksək olduğunu vurğulayıb. O deyib ki, başqa ölkələrdə yanacağın qiyməti 3-5 faiz civarında dəyişirsə, Azərbaycanda bu göstərici 30 faiz təşkil edir. Ekspert qiymət dəyişmələrinin digər ölkələrdə başqa sahələrə təsirinin hiss edilmədiyini, lakin Azərbaycanda bunun hətta göyərtinin qiymətinə təsir etdiyini bildirib.
Orta əmək haqlarını müqayisə etsək, Azərbaycanda yanacağın qiyməti inkişaf etmiş ölkələrlə eynidir. Yacağın qiymətinin endirilməməsinə gəlincə isə İlham Şaban deyib ki, bir ölkənin iqtisadiyyatı xam malından asılıdırsa və bu xam malın qiyməti dünya bazarlarında düşürsə, həmin ölkə bu məhsulun qiymətini azaltmaqda maraqlı olmur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri 2015-ci ildə Azərbaycanın neft gəlirlərinin 2 dəfə azaldığını və bunun qarşılığında neft məhsullarının qiymətinin aşağı salınmasını ölkə iqtisadiyyatının çökdürülməsi kimi izah edib. O, hökumətin neft məhsullarının qiymətini artırmadığına şükr edilməli olduğunu deyib. Ekspert bunun bütün mal və qiymətlərin artmasına gətirib çıxara biləcəyini irəli sürüb.
Böyük inflyasiya böyük sosial gərginlik deməkdir
Azərbaycanda dövlət monopoliyası mövcuddur. Digər dövlətlərin uçuz qiymətli nefti Azərbaycana buraxılmır. Belə bir şəraitdə Azərbaycanın dünya ölkələri ilə rəqabətini saxlamaq qabiliyyiətindən danışan ekspert manatın devalvasiyasından sonra hökumətin 1.2 milyard manat xərclədiyini deyib. O, dövləti haradasa başa düşdüyünü və əks təqdirdə böyük inflyasiya baş verə biləcəyini önə çəkib. “Böyük inflyasiya böyük sosial gərginlik deməkdir- deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri fikrini yekunlaşdırıb.