Accessibility links

15 ildə üstü açılmayan qətl və ya Elmar Hüseynovun ad günü


Elmar Hüseynov
Elmar Hüseynov

Bu gün, iyulun 17-si mərhum jurnalist Elmar Hüseynovun ad günüdür. Onun 53 yaşı tamam olur.

Elmar Hüseynov
Elmar Hüseynov

Jurnalistin qətlindən 15 il keçir

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 atəş açılıb. İstintaq orqanı jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini bildirib.

2006-cı il avqustun 14-də cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Elmar Hüseynovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Jurnalistin qətlindən 15 il keçsə də qətlin icraçıları hələ də istintaqa təhvil verilməyib, qətlin sifarişçiləri ilə bağlı isə hər hansı rəsmi açıqlama olmayıb.

Elmar Hüseynovun qəbirüstü abidəsinə həkk olunmuş Monitor jurnalı
Elmar Hüseynovun qəbirüstü abidəsinə həkk olunmuş Monitor jurnalı

Hüseynov Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərini tənqidi məqalələri ilə tanınıb. Bir qayda olaraq onun rəhbərlik etdiyi “Monitor” jurnalında korrupsiya, qohumbazlıq, yerlibazlıq, hakimiyyətdaxili münasibətlərlə bağlı dərc edilən məqalələr geniş müzakirələrə səbəb olub.

Jurnalistin qətli yerli və beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqidlərə yol açıb. İlk anlarda Azərbaycanın istintaq orqanları Türkiyədən və Amerikadan mütəxəssislər dəvət edib. Dövlət başçısı jurnalistin atasını qəbul edib, qətlin icraçılarının və sifarişçilərinin tezliklə tapılacağını bildirib. İlk illərdə intensiv istintaq tədbirləri həyata keçirilsə də, sonradan bu hərəkətlər zəifləyib.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə anadan olub. O, 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə “Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə “Monitor” jurnalını təsis edib. Hüseynov həmçinin “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi idi.

Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa Məhkəməsi: Cinayət işi effektiv araşdırılmayıb

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmaması barədə qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət edib.

Qərarda qeyd edilir ki, hökumət Elmar Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə 10 min avro cərimələnib.

Elmar Hüseynov anılıb
Elmar Hüseynov anılıb

Şahbaz Xuduoğlu: İstintaq işi təzələnməli, yeni istintaq qrupu yaradılmalıdır

Elmar Hüseynov Fondunun rəhbəri Şahbaz Xuduoğlu Amerikanın Səsinə bildirib ki, qatillərin tapılmamasının səbəbi işin dayandırılması ilə bağlıdır.

“İstintaq dayandı, qovluğu qapadıb kənara qoydular. Məncə istintaq işi təzələnməli, yeni istintaq qrupu yaradılmalıdır. Hüquq mühafizə sahəsində gedən islahatlar Elmarla bağlı işin təzələnməsindən yan keçməməlidir,” o qeyd edib.

Arif Əliyev
Arif Əliyev

Arif Əliyev: Jurnalistin qətli ölkənin üzərində qara ləkə kimi qalıb

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, qətldən 15 il keçməsinə baxmayaraq ortada qətlin iki icrasının adından başqa heç nə yoxdur.

Arif Əliyev: Jurnalistin qətli ölkənin üzərində qara ləkə kimi qalıb
please wait

No media source currently available

0:00 0:06:41 0:00

“İlkin anlarda Türkiyə, Amerika mütəxəssislərini cəlb etdilər. Dedilər qətlin üstü açılıb. Azərbaycan hökumətinin nümayəndələri də bunu elan etdilər. Amma yenə də bir nəticə yoxdur,” o qeyd edib.

Mənim düşüncəmcə, Elmar Hüseynovun qətlinin üstünün bu müddətdə açılmamasının səbəblərindən biri də hakimiyyət daxilində kimlərinsə bu prosesdə əlinin olmasıdır.
Arif Əliyev, Yeni Nəsil Jurnalistlər Birlitinin sədri

O qətlin üstünün açılmamasının səbəblərindən danışarkən deyib ki, qətlin üstünün hansı səbəbdən açılmamasını demək çətindir.

“Ümumiyyətlə jurnalistlərə qarşı olan qətllərin üstünün açılması faizi çox aşağıdır. Mənim düşüncəmcə, Elmar Hüseynovun qətlinin üstünün bu müddətdə açılmamasının səbəblərindən biri də hakimiyyət daxilində kimlərinsə bu prosesdə əlinin olmasıdır. Bu səbəbdən bunun qarşısı alınır. Hansı səviyyədədir? Bununla bağlı müəyyən ehtimallar söylənilir. Biz ehtimallarımızı söylədik, amma bir fakt olmadı. Bir şey bəllidir ki, qətl onun yazdıqları ilə bağlıdır. Hətta qətlin forması da bunu göstərir. Onun yazdı qları çox yüksək vəzifəli şəxslərə toxunan məsələdir.”

O hesab edir ki, hüquq mühafizə orqanlarının yeni təyin edilmiş rəhbərləri bu qətlin üstünün açılması üçün indiyədək göstərilməyən səylər göstərməlidir.

“Mənim yadımadır ki, ilk zamanlar bir sıra istintaq hərəkətləri ictimaiyyətin təzyiqi altında həyata keçirilirdi. İndi o təzyiqlər yoxdur, hərəkətlər də yoxdur. Amma, jurnalistin öldürülməsi ölkənin üzərində bir qara ləkə kimi qalıb. Jurnalistin öldürülməsinin üstünün açılacağı ilə bağlı ilkin anlarda çox güclü bəyanatlar olub. Hətta qətlin üstünün açılması ilə bağlı bəyanatlar da olub. Sonradan nədənsə hər şey qapadıldı. Bir zaman qətlin açılması istiqamətində ictimai qrup da yaradılmışdı. Təəssüf ki, onların da ortaya çıxardığı faktlar sona qədər getməyə bəs etmədi,” o qeyd edib.

Əliyev Gürcüstanda gizləndiyi bildirilən şəxslərin jurnalsitin öldürülməsində birbağa iştirakının olduğuna o qədər də inanmır.

“Ola bilər ki, həmin şəxslərin müəyyən rolu olub. Yoxsa, gizlənən insanların qanuni və ya qeyri-qanuni yolla Azərbaycana gətirilməsi halları olub. Əlimiz bu adamlar çatmır deməkləri inandırıcı deyil. Bu səbəbdən də onların əsas fiqurlar olmasına inanmıram. Bəlkə də onalar hansısa informasiyaya malikdirlər.”

O qətlin sifarişçisi barədə danışılmamasının səbəbini də burada vəzifəli şəxslərinin əlinin olması ilə əlaqələndirib.

“Türkiyədən gəlmiş yüksək vəzifəli hüquq mühafizə əməkdaşının dedikləri yadımdan çıxmır. O demişdi ki, qətlin üstü açıqdır. Yəqin ki, qətlin üstü açıqdır və hansısa qalın qovluğun içərisində qalmaqdadır,” Əliyev Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Xalid Ağaliyev
Xalid Ağaliyev

Xalid Ağaliyev: Azad medianın başı üzərində qorxu buludu kimi asılıb qalan cinayətin üstü açılmalıdır

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, bu iş haqda düşünəndə həmişə Ukraynada Georgi Qonqadzenin qətl olayının araşdırılması ilə paralellər aparır.

“İki işin təhqiqatındakı fərqlər nələr idi? Ukraynalı jurnalistin qətlinin təhqiqatı kifayət və gərəkli olduğu qədər şəffaf aparılırdı. Həmin qətlin istintaqına müstəqil təhqiqat qrupu da cəlb edilmişdi, daha doğrusu, əməkdaşlıq vardı. Həm də bunun nəticəsi idi ki, səs-küylü jurnalist ölümlərinin təhqiqatı təcrübəsi baxımından, cinayətin üstünün açılması o qədər də uzanmadı, qatıllər tapıldılar və ədalətli məhkəmə önünə çıxarıldılar.”

Məncə, yüksək səviyyədə siyasi iradə ifadəsi bu qətlin üstünün açılmasına, günahkarların ədaləli məhkəmə qarşısına çıxarılmasına gətirib çıxara bilər.
Xalid Ağaliyev, hüquqşünas

Onun sözlərinə görə, Elmar Hüseynovun qətlindən sonra Azərbaycanda da ictimai təhqiqat qrupu vardı, orada jurnalistlər, vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri təmsil olunurdular.

“Ancaq rəsmi təhqiqat onları birmənalı olaraq yaxına buraxmadı. İstintaq gah bir quruma, sonra başqa bir quruma ötürüldü, şübhəlilərin, özəlliklə Gürcüstanda iqamət edənlərin istintaqa cəlb edilməsi üçün gərəkli səylər göstərilmədi.”

Hüquqşünasın qənatəinə görə, ictimai təhqiqat qrupu ilə yardımlaşmaq da daxil omaq üzrə qətlin üstünün açılması üçün gərəkən lazımlı addımlar atılmadı.

“Həm də qətldən sonra yaradılan müstəqil təhqiqat qrupunun bilgiləri baxımından, bu qətl işi açılmaq üzrə idi. Rəsmi təhqiqatin cəlb etdiyi türk xəfiyyələrinin verdikləri bilgilərə görə, işin üstü açılmışdı, cinayəti icra edənlər bəlli olmuşdu. Bu mərhələdə əlaqəli rəsmi qurumların etməli olduğu Gürcüstanda olduğu bildirilən icraçıların təhvil verilməsini təmin etmək idi. O zaman həmin şəxslər istənilmişdi, ancaq qonşu dövlət təqdim edilmənin əsaslarını yetərli hesab etməmişdi. Daha mötəbər əsaslar təqdim edilməli idi. Ancaq nə oldusa, rəsmi təhqiqat cinayətkarları məsuliyyətə cəlb edə, digər başlıca detalları da üzə çıxara bilmədi.”

Hüquqşünas hesab edir ki, Azərbaycanda azad medianın başı üzərində qorxu buludları kimi asılıb qalan bu cinayətin üstünün açılması üçün yüksək səviyyədə rəsmi açıqlamalar verilmişdi.

“Amma görünən budur ki, sonrakı real addımlar həmin açıqlamalara uyğun olmadı. Məncə, yüksək səviyyədə siyasi iradə ifadəsi bu qətlin üstünün açılmasına, günahkarların ədaləli məhkəmə qarşısına çıxarılmasına gətirib çıxara bilər,” o qeyd edib.

XS
SM
MD
LG