Sentyabrın 17-də İsveçrənin Makolin şəhərində Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü konfransında “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələr qəbul edilib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə tədbir zamanı həmçinin “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya imza atan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının Baş Katibi T. Yaqland da iştirak edib.
Konfrans Azərbaycanın oktyabrın 31-dək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutub.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə ilk dəfə olaraq Avropa oyunlarının Azərbaycanda keçiriləcəyini qeyd edib. Nazir hər bir idman yarışında tamaşaçı zorakılığının, idmanda korrupsiya hallarının qarşısının alınmasının çox önəmli olduğunu qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.