Aprelin 8-də İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş bir qrup hərbçinin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib.
Valideynlər övladlarının axtarışını təşkil edilmədiyini, hökumət rəhbərləri tərəfindən qəbul edilmədiklərini, şikayətlərinə baxılmadığını bildirib.
Etiraz edənlər Azərbaycan prezidenti İlham Əliyevdən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan və Rusiya prezidenti Vladimir Putindən övladlarının taleyinin müəyyən edilməsində köməklik göstərmələrini xahiş edib.
Valideynlərin qarşısına baş prokuror Kamran Əliyev çıxıb və onları qəbul edib.
“Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracam. Bəzi nəticələr də var. Ölkə prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər,” o qeyd edib.
Valideynlər övladlarının Ermənistan tərəfdə əsirlikdə olduğunu güman edir.
Müdafiə Nazirliynin məlumatına görə, İkinci Qarabaş müharibəsində 64 nəfər itkin düşüb. Onlardan bir neçəsinin nəşi son aylarda tapılaraq ailələrinə təhvil verilib.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illlik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Bəyanatda əsir və girovların qaytarılması məsələləri də əksini tapıb.