Accessibility links

İstiqlalçı millət vəkili kimi tanınan Məryəm Həsənova dünyasını dəyişib


Məryəm Həsənova
Məryəm Həsənova

1990-1995-ci illərdə Azərbaycan parlamentinin üzvü olmuş, “istiqlalçı millət vəkili” kimi təqdim olunan 43 deputatdan biri Məryəm Həsənova iyulun 29-da vəfat edib.

SSRİ-nin qalmasına “yox” deyən, Müsavat Partiyasının Məclis üzvü Məryəm Həsənova Siyəzən rayonunda yataqxanada yaşayırdı.

1990-cı ildə Siyəzən rayonundan deputat seçilən Məryəm Həsənova həmin dövrdə məktəb direktoru işləyib.

O, Ali Sovetin “Demokratik Blok” fraksiyasının üzvü idi, 1990-cı ilin mart referendumuna etiraz olaraq aclıq aksiyası keçirən 10-nəfərdən biri idi.

Məryəm Həsənova millət vəkili kimi pensiya ala bilmirdi.

O uzun illərdir mətbuata da danışmırdı.

Arif Hacılı: “İstiqlalçı millət vəkili olsa da, millət vəkili təqaüdü almadı”

Müsavat Partiyasının başqanı, həmin dövrdə Milli Məclisin üzvü olmuş Arif Hacılı AzadliqRadiosuna bildirib ki, Məryəm Həsənova Azərbaycan xalq hərəkatının fəallarından biri idi:

“İki istiqlalçı xanım vardı, biri Məryəm Həsənova, digəri Dilarə Əliyeva idi. Məryəm xanım çox təvazökar, amma əqidəli və prinsipial qadın idi. Azərbaycan sevgisi ilə yaşayırdı, yurdunu xoşbəst, bütöv görmək istəyirdi. Çətin bir həyat yaşadı, istiqlalçı millət vəkili olsa da, millət vəkili təqaüdü almadı. Evi yox idi, bir otaqlı yataqxana tipli bir yerdə yaşayırdı”.

Arif Hacılı yaşadığı durumun Məryəm Həsənovanı deyil, daha çox onları narahat etdiyini söyləyir:

“Onun mənzil şəraitini yaxşılaşdırmağa çalışsaq da, razı olmurdu. Şərəf və layəqətlə yaşadı. Əminəm ki, əsrlər boyu Azərbaycan xalqı və gələcək nəsillər üçün nümunə olacaq. Azərbaycan tarixində ən nüfuzlu xanım liderlərdən biri idi”.

“Məryəm xanım heykəlini... insanların qəlbində qoydu”

Keçmiş deputat İbrahim İbrahimli də Məryəm Həsənovanı “istiqlalçı deputat”, şairə və müəllimə kimi xatırlayır:

“Məryəm xanım kənd müəlliməsi olsa da, Azərbaycanın azadlığı uğrunda mübariz qadınlardan biri oldu. Kifayət qədər yaşlı olsa da, heç nədən çəkinmədən mübarizənin önündəydi. O yalnız müəllimə kimi deyil, ədəbi yaradıcılıqla da məşğul olurdu, ən əsası istiqlalımıza imza atıb. Məryəm xanım indiki bir para adamlar kimi heykəllərini parklarda, rayonlarda deyil, insanların qəlbində qoydu, çox şərəfli ömür yolu keçdi, hər zaman xatırlanacaq bir xanım kimi yaddaşlarda iz buraxdı”.

Məryəm Həsənova iyulun 30-da dəfn olunacaq.

XS
SM
MD
LG