Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İrandan gətirilən on beş kiloqramdan, Dövlət Sərhəd Xidməti isə 42 kiloqramdan çox narkotik maddə aşkar edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, Cəlilabad rayonunun Gülməmmədli kəndi (Bakıdan 211 kilometr cənub) ərazisində Azərbaycan vətəndaşı İsrafil İsmayılovun idarə etdiyi motosikletdən 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mayın 1-də isə Dövlət Sərhəd Xidmətinin sərhədçiləri tərəfindən İran ərazisindən gətirilın ümumi çəkisi 42 kiloqramq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr - “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb
Bununla yanaşı, təqsirləndirlən şəxslərin vəkili və ya yaxınları bu məlumatlara hələ münasibət bildirməyib.