Accessibility links

İranda koronavirusun yayılması və Azərbaycanda görülən tədbirlər


“Hazırda Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.”

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

“Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur”, birgə məlumatda deyilir.

Bununla yanaşı, Azərbaycanla həmsərhəd olan İranda koronavirusun yayılması və ölüm hallarının qeydə alınması Azərbaycan vətəndaşları arasında İranla sərhədlərin bağlanılmasının vacibliyi ilə bağlı fikirlər yaranmasına səbəb olub.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev tövsiyyə edir ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin.

“Əgər İrana gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər.”

Baş infeksionist deyib ki, Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb.

“Çindəki hadisələrlə bağlı Azərbaycan onsuz da qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. Çünki sərhəd ölkədir və gediş-gəliş çoxdur. Artıq sərhəd-keçid məntəqələri bağlanıb. Güman etmirəm ki, İrandan Azərbaycana virusun keçməsi baş versin, amma yenə də ehtiyatlı olmaq mütləqdir”, o, yerli mediayaya bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan Nazirlər Kabineti koronavirus məsələsi ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub.

“Dövlət bu istiqamətdə müvafiq addımlar atır. Azərbaycan Xarici İşlər Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri çərçivəsində artıq koronavirusun yayıldığı ölkələrə səfərlər mövzusunda vətəndaşlara müraciət edib”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara İranda yayılmış koronavirusla bağlı ehtiyatlı olmağı tövsiyyə edir.

“Son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İranın rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan vətəndaşlarına İrana səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edirik.

Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur”, nazirliyin məlumatında qeyd edilir.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında isə deyilir ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərində yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Dövlət Gömrük Komitəsi ölkə vətəndaşlarına zərurət yaranmadıqda İrana səyahət etməmələrini tövsiyə edir.

Bununla yanaşı, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, AZAL prezidenti Cahangir Əsgərov qeyd edib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.

Koronavirus təhlükəsi siyasi liderlərin də diqqətindədir. Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Azərbaycan koronavirusun ölkədə yayılmaması üçün ciddi tədbirlər görməlidir.

“İranda məktəblər bağlanıb, idman yarışları təxirə salınıb. Türkiyə sərhədləri bağlayır. Azərbaycanda, Cəlilabadda virusun aşkar edilməsi barədə məlumatlar var. Azərbaycan hakimiyyəti nə ilə məşğuldur? Dəhşətli bəlanın qarşısını almaq üçün hansı işlər görülür? Biz bilmirik.”

Müsavat Partiyasının başqanı Səhiyyə və Fövqəladə Hallar nazirliklərindən, Gömrük Komitəsindən tələb edir ki, Azərbaycanda Covid-19-a qarşı təcilli tədbirlər görülsün.

“Bu barədə ictimaiyyətə dərhal və davamlı məlumat verilsin”, o, Facebook səhifəsində yazıb.

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayıldığı ölkələrlə bağlı tərtib etdiyi siyahıda Azərbaycanın adı yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, son 24 saatda koronavirus xəstəliyinin yayıldığı ölkələrin sayında dəyişiklik olmayıb.

“Təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 78 811 (1017 yeni) nəfərdir. Onlardan 77 042 (650 yeni) yoluxma və 2445 ölüm halı (97 yeni) Çində olub. Çinin xaricində dünyanın 28 ölkəsində 1769 yoluxma (367 yeni), 17 ölüm halı (6 yeni) qeydə alınıb”, Ümumdünya Səhiyyə Təşkilatı bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG