İran Azərbaycanının Qaradağ bölgəsində meşə ağaclarının kəsilməsinə dair yayılan görüntülərin ardı kəsilmir. Lakin yerli mətbuatın yazdığına görə, İslam Respublikasının rəsmi qurumları olanları “təkzib və inkar” etməyə davam edirlər.
Artıq sadəcə türk fəallar və ətraf mühit müdafiəçiləri deyil, müxtəlif qruplar meşələrin məhv edilməsinə dair qayğılarını mediada, eləcə də sosial şəbəkələrdə ifadə edirlər.
“Qorunan ərazilərdə meşə ağaclarının kəsilməsinin davam etməsi utanc vericidir. Milli sərvətimizi talan edirlər,” deyə Təbriz millət vəkili Əhməd Əlirza Beyginin sözləri Mehr agentliyində dərc olunub.
Təbrizdə fəaliyyət göstərən “Nasr News” internet portalı bu yaxınlarda ağacların kəsilməsinə dair nəşr etdiyi xəbərlər səbəbilə Təbriz bələdiyyəsinin parklar və yaşıl sahələr qurumunun şikayəti ilə məhkəməyə verilib.
İnternet portalı buna baxmayaraq müxtəlif bölgələrdə ağacların kəsilməsi və yük maşınları ilə daşınması ilə əlaqədar görüntülü məlumatı yaymağa davam edir.
Nasr News, o cümlədən, Qaradağ bölgəsində qorunan ərazilər siyahısında olan Aynalı meşələrində kəsilmiş ağacları göstərən videolar yayımlayıb.
“Mehr” xəbər agentliyi isə keçən günlərdə “Qaradağ ağaclarının kəsilməsini inkar etməyin!” başlıqlı reportaj dərc edib.
“Keçən ilin (hicri təqvimi) ikinci yarısından bəri təqribən hər gün kəsilmiş ağacları Qaradağ bölgəsindən daşıyan böyük yük maşınlarından görüntülər yayımlanır. Bütün təpkilər və etirazlara rəğmən əlaqədar qurumlar inandırıcı açıqlamalar vermək yerinə olanları inkar edirlər,” reportajda qeyd edilib.