Yaponiya imperatoru Akihito ölkəsinin İkinci Dünya Müharibəsi dövründə əməllərinə görə “dərin təəssüf” hissi keçirdiyini bəyan edib.
84 yaşlı imperator bunu Hiroşima və Naqasakiyə atom bombası hücumundan sonra Yaponiyanın Müttəfiq qüvvələrə təslim olmasının 73-cü ildönümü münasibətilə Tokionun Budokan mərkəzində keçirilən tədbirdə söyləyib.
“Keçmişimizi düşünərək və dərin peşmançılıq hissi keçirərək mən ümid edirəm ki, dağıdıcı müharibələr bir də təkrar olmayacaq”, deyə xanımı, imperiatriça Miçikonun müşayətilə tədbirə gəlmiş imperator bildirib. Gələn il taxtdan imtina edəcək imperator Akihito hər il keçirilən tədbirdə bununla sonuncu dəfə iştirak edirdi.
Keçmişimizi düşünərək və dərin peşmançılıq hissi keçirərək mən ümid edirəm ki, dağıdıcı müharibələr bir də təkrar olmayacaq.
O, Yaponiya imperatoru olduğu dövrdə Sakit okean regionunda Yaponiya hərbi qüvvələrinin müharibə zamanı işğal etdiyi bir çox yerləri ziyarət edib və atası imperator Hirohitonun adından ölkəsinin əməllərinə görə təəssüfünü bildirib.
İmperatorun bəyanatı Yaponiyanın müaribədən sonrakı konstitusiyasını yenidən nəzərdən keçirmək və ölkənin özünü-müdafiə qüvvələrinin gücləndirilməsinə nail olmuş baş naziri Şinzo Abenin tonu ilə təzad təşkil edir.
Abe çərşənbə günü keçirilən tədbirdə müharibənin fəlakətlərinə heç zaman yol verməməyə söz verib.
Şinzo Abe müharibə cinayətlərinə görə məhkum olmuş şəxslər də daxil olmaqla, Yaponiyada müharibə dövrü ölən milyonlarla insanın xatirəsinin anıldığı mübahisəli Yasukuni məbədinə getməyərək, dini ianə verməklə kifayətlənib. Onun 2013-cü ildə məbədi ziyarət etməsi onu Yaponiyanın 20-ci əsrdə hərbi təcavüzünün mücəssəməsi hesab edən Çin və Cənubi Koreya tərəfindən qəzəblə qarşılanmışdı.