Accessibility links

İlham Əliyev: “Yenə məsələ dondurulmuş qalacaqsa, bu, bizi qane edə bilməz”


“Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini və Qubadlı şəhərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində bildirib.

Dövlət başçısı bildirib ki, birinci dəfə atəşkəs oktyabrın 10-da qüvvəyə minmişdi.

“Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanlarının meyitlərinin, cəsədlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik”.

Onun sözlərinə görə, Ermənistan bir gün keçməmiş atəşkəsi pozdu.

“Gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra 17 oktyabrda yeni atəşkəs qüvvəyə mindi. Yenə də 2 dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 08:00-dan yeni təklif verildi. Ancaq səhər 09:00-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq yenə də mən hələ ki, göstəriş vermişəm ki, Azərbaycan Ordusu təmkinlə özünü aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır. Ya hərb yolu ilə, ya sülh yolu ilə. Və mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir. Neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Onda belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz,” o qeyd edib.

Ermənistan Baş Naziri Nikol Paşinyan da Ermənistan tərəfinin Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə əməl edəcəyini bildirib.

"Dünən Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə razılaşdırıldığı kimi Ermənistan tərəfi saat 8:00-dan etibarən atəşkəsə tam əməl edəcək," Paşinyan Facebook səhifəsində bildirib.

Bu açıqlamadan sonra Ermənistan Baş Naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb ki, Ermənistan tərəfi Qarabağdakı atəşkəsə ciddi şəkildə riayət etməkdə davam edir.

“Bundan bir qədər əvvəl Azərbaycan Ermənistan tərəfini Qarabağ münaqişəsi zonasında atəşkəs rejimini pozmaqda günahlandırıb. Qarabağ Müdafiə Ordusu Bakının bu xəbərlərini təkzib edərək onları dezinformasiya adlandırıb. Qarabağ tərəfi bəyan edib ki, Bakı bu kimi mesajları yaymaqla yeni təxribatlara zəmin hazırlayır. Bunun ardınca Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs razılığını pozaraq Qarabağ mövqelərini iki istiqamətdə atəşə tutduğunu bildirib,” Paşinyan qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir.

“Bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, nə gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?” o sual edib.

Prezident ATƏT-in Minsk Qrupunun hənsədrlərinin fəaliyyətini də tənqid edib.

“1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradıldı. Minsk Qrupunun fəaliyyəti göz qabağındadır”.

Dövlət başçısı bildirib ki, Minsk Qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər.

“Bəs nədir Minsk Qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım ki, əgər məsələnin həllini görmək istəyirsinizsə, Ermənistana sanksiyalar tətbiq edin, sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə də bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların mövqeləri üst-üstə düşür. O da maraqlı məsələdir. Nə təhər olur ki, bütün başqa məsələlərdə - nüvə silahları məsələsi, Yaxın Şərqdə vəziyyət, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı məsələdə bunların maraqları üst-üstə düşür? Heç birində, ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edir. Təbii ki, bu ölkələri və ilk növbədə Ermənistanı qane edir.”

O, Minsk Qrupunun həmsədr dövlətlərinin imkanlarını münaqişənin həllinə deyil, Azərbaycana qarşı yönəltdiyini bildirib.

“Bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm, bir ay! Demirdim bunları. Boğaza yığılmışıq. Bu, bir. İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr. Nə ilə məşğul olacaqlar. İndi 5 rayonun azad edilməsi – hanı 5 rayon? Bizdədir artıq 4-ü. O məsələ artıq getdi qurtardı. Özümüz götürmüşük: Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı – bu rayonların böyük hissəsi bizdədir.”

Əliyev eyni zamanda Azərbaycanın danışıqların əleyhinə olmadığını bəyan edib.

“Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz eləmirəm, görüşsünlər. O qədər mənasız görüş olub ki... Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun,” prezident qeyd edib.

Əliyev Azərbaycana kənardan müdaxilə olarsa Türkiyənin F-16 təyyarələrinin qarşılarında görəcəklərinə işarə edib.

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə qayırır? Gedin baxın da, F-16 nə edir: havadadır, ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar,” o vurğulayıb.

Azərbaycan prezidentinin bəyanatlarına Ermənistan tərəfi və Minsk Qrupunun həmsdər dövlətləri hələ münasibət bildirməyib.

Bununla yanaşı, oktyabrın 25-də ATƏT Minsk Qrupunun Həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Andrew Schofer) Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri və ABŞ Dövlət Katibinin Müavini Stephen Biegunla görüşərək müzakirə apardıqlarını qeyd ediblər.

“Həmsədrlər tərəfləri öz öhdəliklərinə müvafiq olaraq 10 oktyabdra Moskva Birgə Bəyanatının bütün aspektlərini icra etmək üçün təcili addımlar atmağa çağırır,” deyə ATƏT vasitəçiləri bu öhdəliklərin Parisdə 18 oktyabrda yenidən təsdiqləndiyini vurğulayıblar.

Həmsədrlər həmçinin tərəflərə atəşin dərhal dayandırılması və substantiv danışıqların yenidən bərpa olunması yönümündə üzərlərinə götürdükləri öhdəlikləri xatırladıblar.

"İntensiv diskussiyalarda Həmsədrlər və Xarici İşlər Nazirləri təcili humanitar atəşkəsin icrası, atəşkəsin monitorinqinin mümkün parametrləri və 10 oktyabr Birgə Bəyanatına uyğun olaraq hərtərəfli həll yolunun təməl substantiv elementləri barədə müzakirələrə start verməyi müzakirə etdilər," Minsk Qrupunun həmsədrlərininin birgə bəyanatında deyilir.

Həmsədrlər və Xarici İşlər Nazirləri 29 oktyabrda Cenevrədə görüşmək barədə razılıq əldə ediblər.

XS
SM
MD
LG