Accessibility links

İlham Şaban: Neft infrastrukturu stabillik tələb edir


İlham Şaban: Neft infrastrukturu stabillik tələb edir
please wait

No media source currently available

0:00 0:19:28 0:00

Səudiyyə Ərəbistanının neft obyektlərinin keçən həftə hücuma məruz qalmasından sonra dünya üzrə neft qiymətləri qalxsa da, bu həftə yenidən enib. Səudiyyə Ərəbistanı hökuməti hücum nəticəsində sıradan çıxmış neft obyektlərinin bərpa ediləcəyini bildirib. Bu obyektlər həm də dünyanın ən mühüm neft emalı obyektləri hesab edilir. Aramco neft şirkətinin neft emalı obyektlərinə hücumun qlobal enerji infrastrukturuna təsirləri ekspertlərin diqqət mərkəzində qalır. Hücum qlobal neft tədarükünün 6 faizinin müvəqqəti olaraq ixtisarı ilə nəticələndi. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində dünya neft qiymətləri, qlobal enerji infrastrukturunun durumu və Azərbaycanın enerji təhlükəsizliyi haqda danışıb.

İlham Şaban dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının dünya neft bazarında mövqeyini xüsusi qeyd edərək, ölkənin qlobal neft infrastrukturunda “geniş imkanlara malik olaraq, son onilliklər ərzində dünya neft bazarının tənzimləyicisi rolunda” çıxış etdiyini bildirib.

“Onun imkanları o qədər geniş olub ki, istənilən zaman, yəni qısa zaman kəsiyində neft hasilatının azaldılması, neft hasilatının artırılmasını həyata keçirə bilirdi. Səudiyyə istənilən zaman, biz bunu 80-ci illərdə də, 90-cı illərdə də, son dövrlərdə də görmüşük, dünya bazarında hər hansı bir təlatüm yarananda o özünün hasilatını ya artırır, ya da azaltmaq bacarığını nümayiş etdirir.”

İlham Şaban Səudiyyə Ərəbistanının ən mühüm beş obyektinə hücumun qlobal neft qiymətlərinə müvəqqəti təsiri olduğunu deyib.

“İlk beşlikdə olan yataqlar seçilmişdi. Yəni rezervləri var idi, böyük hasilatı var idi və onlara hücum təşkil edilmişdi ki, Səudiyyənin neft ixracat imkanları kəskin azalsın. Həqitətən də belə oldu. Ayın 14-də edilən hücumdan sonra Səudiyyənin Energetika naziri çıxış edərək bildirdi ki, 5.7 milyon barel neft hasilatı azalıb. Ancaq bir məsələ oldu ki, bu həftəsonuna düşdü, birjalar işləmirdi və bazar ertəsi ayın 16-da birjalar açıılan kimi neftin qiyməti, söhbət Brent markalı neftdən gedir, 67.80-lə açıldı. Ancaq cümə günü bağlananda 60.20 ilə bağlanmışdı. Və sonrakı partiyalar daha yüksək qiymətə satıldı. Əvvəlcə 68, 69 və sonra 71 həddini keçdi. Yəni, neftin qısa bir müddətdə gözlənildiyi kimi, proqnoz edildiyi kimi qiyməti kifayət qədər yüksəldi.”

İlham Şaban enerji resurslarının geniş coğrafi divertifikasiyası baxımından enerji infrastrukturlarının təhlükəsizliyinin əhəmiyyətini xüsusi vurğulayıb.

“Bu bir daha onu göstərdi ki, lokal şəkildə həyata keçirilən və yaxud da lokal şəkildə münaqişə ocaqları vaxtında həllini tapmasa, yaxud da onların həllinə qlobal şəkildə cəhd edilməsə, onlar dondurulmuş şəkildə qalsa, əgər biz baxsaq, Səudiyyə ilə Yəmən arasında hərbi münaqişə 2014-cü ilin məhz avqust ayında başlamışdı, düzdür fasiləsiz davam etmir, müəyyən fasilələrlə davam edir, ancaq 5 ildən çoxdur davam edir. Bu baxımdan da əgər Xəzəri qlobal bazarla birləşdirən arteriyanı, nəqliyyat dəhlizini, enerji dəhlizini götürsək, onun yaxınlığında Dağlıq Qarabağ kimi həll edilməmiş 25 illik dondurulmuş bir münaqişə var. Bax bu da ona bir dərsdir ki, bu münaqişələr istənilən an alovlana bilər və bu münaqişələrin həllində dünya birliyi, dünya ictimaiyyəti maksimum səy göstərməlidirlər ki, istənilən hər hansı bu `fors-major` halının qarşısı alınsın.”

İlham Şaban Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" neft yataqlarının işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümünün tamam olduğu vaxt Azərbaycanın enerji istehsalçısı və ixracatçısı kimi dünya bazarında mövqeyi haqda danışıb.

“Azərbaycanın dünya enerji təminatına, dünya enerji bazarına verdiyi ən böyük töhfə ondan ibarətdir iki, Azərbaycan həqiqətən də məsələn, 49-cu ildə ilk dəfə Xəzərin resurslarını başlayan oyunçu məhz Azərbaycan olub, indi də Sovetlər Birliyi 91-ci ildə dağılandan sonra Xəzəri, qapalı bir hövzəni, onun enerji ehtiyatlarını qlobal bazarla bağlayan ölkə məhz Azərbaycan oldu. Özü də Azərbaycan təkcə öz resursları ilə deyil, Bakı-Tbilisi-Ceyhan işə düşəndən sonra, onun növbəti etaplarında əsasən də 2015-ci ildən sonra neftin qiyməti kəskin ucuzlaşandan sonra Azərbaycanın bu infrastrukturu qonşu ölkələr üçün, belə deyim, `çox göydəndüşmə` bir marşrut oldu. Hətta əvvəllər Türkmənistan, Qazaxıstan öz neftini bununla daşıyırdısa, indi Xəzərin Rusiya sektorunda hasil edilən neftin bir hissəsi də Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına çıxarılır. Yəni, Azərbaycanın Xəzərə verdiyi töhfə qədər, heç bir Xəzəryanı ölkə heç bunun yarısının yarısını da etməyib. Azərbaycan həm onun resurslarının inkişaf etdirilməsində, onun ram edilməsində, həm də infrastrukturu yaradaraq, o riskləri öz üzərinə götürməklə bu qapalı hövzəni böyük marketlərlə, bazarlarla birləşdirən bir stabil infrastrukturun yaradılmasına nail olub.”

İlham Şabanın növbəti 25 ildə qarşıda duracaq əsas vəzifənin mahiyyətinin dəyişməyəcəyini bildirib.

“Resurs var, resurslar yerin dərinliklərində varsa, o işlənib bazara çıxarılmalıdır. Əgər o bazara çıxarılmırsa, o sadəcə resursdur. Yəni onu kapitala çevirmək lazımdır. Hansı ölkə ki onu kapitala çevirə bilir, o ondan yararlanma, onu xərcləmə, hansısa layihələrə yönəltmək imkanı qazanır. Misal çəkə bilərəm. Qonşu Türkmənistanın resursları var, ancaq o heç də o resursları kifayət qədər işlətmək imkanında deyil. O cümlədən də İran dünyanın qlobal lideridir qaz resurslarına görə. Ancaq özünün apardığı siyasət nəticəsində onun şimal qonşusu Azərbaycan İrandan daha çox qaz ixrac etmək imkanına malikdir. Yəni burada əsas hansı ölkənin hansı resursa malik olmasından deyil, o resurslardan necə yararlanmasındadır ki, biz də, söhbət Azərbaycan Respublikasından gedir, o resursları 2017-ci ildə yenilənmiş AÇQ müqaviləsini imzalamaqla göstərdik ki, bizim məqsədimiz o resursları orada saxlamaq deyil, o resursları kifayət qədər çıxartmaq, qlobal bazarlara çıxartmaq, kapitala çevirməkdir. Çünki neft enerji resursu kimi dünya enerji balansında artıq 35-ci ildə qaz onu üstələycək. 50-ci il və ondan sonrakı illərdə, necə ki, əvvəllər bir çox insanlar cəmiyyətdə düşünürdü ki, gələcək nəsillərə saxlamaq, nə etmək, gələcək nəsillərə resurs yox, insan kapitalı saxlamaq lazımdır ki, o insan `daşdan da pul çıxara` bilər.”

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG