Accessibility links

Ailəsi jurnalistin həyatı üçün təhlükə yarandığını bildirir


İkram Rəhimov
İkram Rəhimov

Bakıdakı 1 saylı İstintaq Təcridxanasında 29-cu gündür aclıq aksiyuası keçirən realliq.infi saytının redaktoru Ikram Rəhimovun səhhəti kəskin şəkildə pisləşib.

Bu barədə İkram Rəhimovun ailəsindən sentyabrın 4–də Amerikanın Səsinə bildiriblər.

Ailəsi hesab edir ki, İkram Rəhimovun həyatına real təhlükə yaranıb.

"Bizə istintaq təcridxanasından məlum olub ki, İkram kritik vəziyyətdədir. Onun artıq böyrəkləri işləmir, digər orqanlarının fəaliyyəti pozulub. Həyatı üçün real təhlükə yaranıb", ailə üzvü bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildirblər ki, Rəhimovun həyatı üçün təhlükə yaradacaq hər hansı səbəb yoxdur.

"O aclığı davam etdirir, tam həkim nəzarətindədir. Qanunvericiliyə uyğun olaraq onun qohumları ilə teıefon danışığı və görüşləri təqdim olunur," İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirblər.

Redaktor aclığının 27-ci günündə müraciətlə çıxış edib. Hüquq müdafiəçiləri onun müraciətini facebook səhifəsində yayıb.

Müraciətdə deyilir: “Avqust ayının 7-dən qanunsuz həbsimə, sifarişli məhkəmə hökmünə və Apellyasiya Məhkəməsinin mənim şikayətimi obyektiv araşdırmamasına etiraz olaraq aclıq aksiyasına başlamışam. 27-ci gündür ki, davam edən aksiyamın başlıca səbəbi az-çox hamıya açıq bəllidir. Azərbaycanda azad söz, müstəqil mediaya qarşı davam edən hücumlar, təzyiqlər, qanunsuz qadağa, bloklamalar və son nəticə olaraq azad media nümayəndələrinin sifarişli həbsləri hamını düşündürməli və narahat etməlidir. Əgər bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və onun himayə etdiyi Mətbuat Şurasının rəhbərliyi mənim həbsimi sifariş edərək gerçəkləşdirə bilirsə, deməli, azad medianı təmsil edən hər kəs bu taleyi yaşaya bilər. Ədalətsizlik, özbaşınalıq qanunların işləmədiyi bir mühitdə haqq-ədalətin bərpası üçün mübarizə aparmaq və onu əldə etmək çox çətindir. Lakin yenə də azad söz nümayəndələrinin birliyi və bu haqsızlıqlara qarşı birləşmələri haqlı tələblərimizin gerçəkləşməsinə zəmin yarada bilər. Azad söz nümayəndələri bu gün onlara yönəlmiş basqılara qarşı bir arada ola bilməsələr, gec-tez mənim taleyimi yaşayacaqlar.”

Jurnalist aclıq aksiyasını dayandırmaq niyyətində olmadığını qeyd edib.

“Bir daha mənə qarşı edilən haqsızlıqlara və qanunsuz həbsimə etiraz olaraq, aclıq aksiyasını davam etdirdiyimi bildirirəm. Bu aksiyanın sonu ölüm olsa da onu dayandırmaq, qərarımdan dönmək haqqında düşünmürəm. Əli Həsənov və onun kimilərin sifarişlərinin qurbanı olmamaq üçün birləşməkdən başqa yolumuz yoxdur”, aclıq edən jurnalist yazır.

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İkram Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

XS
SM
MD
LG