Accessibility links

İşçi Qrupu: Azərbaycanda 127 siyasi məhbus var


Siyasi məhbuslar
Siyasi məhbuslar

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib. 127 nəfərin adı siyasi məhbus siyahısına daxil edilib.

“Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 127 nəfərlə bağlı işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb, 54 nəfərin adını monitorinq altında olanların siyahısına salıb, 1 nəfəri isə monitorinqdən çıxararaq siyasi məhbus kimi tanıyıb,” məlumatda qeyd edilir.

Siyasi məhbuslar
Siyasi məhbuslar

İşçi Qrup 3 iyul 2018-ci ildə Gəncə İcra Hakimiyyəti başçısına qarşı sui qəsd, daha sonra 10 iyulda Gəncədə iki polis əməkdaşının öldürüldüyü hadisə ilə bağlı həbs edilən 51 nəfəri aşağıdakı səbəblərdən monitorinq altında olanların siyahısına əlavə edib: “Dövlət orqanları həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub; həbs edilənlərin ailə üzvlərinə 9 gün heç bir məlumat verilməyib; hadisələrin mütəşəkkil dəstə tərəfindən törədildiyi iddia olunsa da, bununla bağlı sübutlar ortaya qoyulmayıb; dövlət orqanları 10 iyulda baş verən hadisənin iğtişaş olduğunu iddia etsə də, bu video çəkiliş və ya hər hansı başqa sübutla təsdiq edilməyib; hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı aşırı gücdən istifadə olunub, nəticədə 6 nəfər ölüb; məhkəmə prosesləri rəsmi olaraq açıq olsa da, faktiki olaraq yarıqapalı keçirilir, jurnalistlərin məhkəmədə iştirakı üçün akkreditasiya tələb edilir, məhkəmə prosesi zamanı qeyd aparmağa icazə verilmir, prosesdə iştirak edən jurnalistlərin müəyyənedilib hakim tərəfindən məhkəmə zalından çıxarılması halları müşahidə edilib,”işçi qrup bildirir.

Qrupun siyasi məhbus kimi tanıdığı 127 nəfər aşağıdakı qaydada təsnifləşdirilib: Siyahıya daxil edilənlərin 9-u jurnalist və bloger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 18-i siyasi və ictimai fəal, 67-si inanclı fəal, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 4-ü siyasi girov, 8-i Səid Dadaşbəyli və onunla birgə tutulanlardır.

Bir məqamı təəssüflə qeyd edirik ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdirməkdən çəkindirir.
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun hesabatından

İşçi Qrupun 1 sentyabr 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 4 nəfər azadlığa buraxılıb. Onlardan 2 nəfəri cəzasının müddəti bitdiyi üçün, 2 nəfəri məhkəmə qərarları ilə azad edilib. 3 nəfəri yeni şəxsi İşçi Qrup siyasi məhbus kimi tanıyaraq əsas siyahıya əlavə edib.

Cəzasının müddəti bitən siyasi məhbuslara qarşı yeni cinayət işi açılıb

İşçi Qrupun öncəki hesabatı yaymasından (1 sentyabr 2018-ci il) keçən müddət ərzində üç siyasi məhbus - 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş Telman Şirəliyev, Məmməd İbrahim və Elnur Cavadov müxtəlif vaxtlarda cəzalarının müddətinin bitməsinə bir neçə gün qalmış yastıqlarının altından qadağan olunmuş əşya aşkarlandığı iddiası ilə yenidən cinayət məsuliyyətinə cəlb edilərək 6 aya qədər azadlıqdan məhrum ediliblər. 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən video-bloger Mehman Hüseynov da oxşar ssenari ilə qarşılaşıb. Dekabrın 26-da cəzasının müddətinin bitməsinə iki ay qalmış Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirdiyi iddiası ilə video-bloger haqqında cinayət işi açılıb.

“Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması ciddi beynəlxalq reaksiyalara səbəb olub. 17 yanvar 2019-cu ildə Avropa Parlamenti “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” qəbul edib. Sənəddə M.Hüseynovun dərhal, qeyd-şərtsiz azad edilməsi, ona qarşı yeni ittihama xitam verilməsi hökümətdən tələb edilib. 22 yanvar 2019-cu ildə Azərbaycan Prezidentinin tövsiyəsi əsasında video-bloger barəsindəki cinayət işinin icraatına istintaq orqanı tərəfindən xitam verilib. Saxta ittihamla barəsində ikinci cinayət işi qaldırılan Məmməd İbrahim 13 fevral 2018-ci ildə ikinci həbs müddətinin başa çatmasına 35 gün qalmış, eyni hal ilə qarşılaşan Telman Şirəliyev isə 18 fevral 2018-ci ildə ikinci həbs müddətinin bitməsinə 27 gün qalmış məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Xatırladaq ki, adı siyahıda olan daha bir neçə məhbus, o cümlədən həbs müddəti başa çatmış Əli İnsanov saxta ittihamlarla barəsində qaldırılmış iki cinayət işi üzrə həbsdə qalmaqda davam edir,” sənəddə qeyd edilir.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup qrupu həmçinin bildirir ki, ölkədə siyasi motivlə həbs edilənlərin sayı daha çoxdur

2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, işci qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırıldıqdan sonra siyasi məhbusların müdafiəsində yaranan çətinliklər artmaqda davam edib.
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun hesabatından

“İşçi Qrup hər dəfə olduğu kimi, bu dəfə də bir məqamı təəssüflə qeyd edir ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdirməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir”.

Sənəddə deyilir ki, siyasi məhbuslar faktiki olaraq hələ də vəkillərsiz qalıb.

“2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq və təqiblərin nəticəsi olaraq, işci qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırıldıqdan sonra siyasi məhbusların müdafiəsində yaranan çətinliklər artmaqda davam edib. Elə situasiya yaranıb ki, vəkil çatışmazlığı səbəbindən siyasi məhbuslar məhkəmə önünə vəkilsiz çıxıblar, hətta bəziləri məhkəmə şikayətlərini özləri yazmaq məcburiyyətində qalıb,” məlumatda deyilir.

2019-cu ilin yanvarın 22-də AŞPA-nin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin edilmiş İslandiyadan olan deputat Torhildur Sunna Varsdottir siyasi məhbuslarla bağlı ilkin memorandumu hazırlayaraq AŞPA İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib.

Azərbaycan hökuməti birmənalı şəkildə ölkədə syasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə təqiblərin olmadığını bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG