İsraillə Fələstin arasında 11 gün davam edən döyüşlərdən sonra əldə olunan kövrək atəşkəs şənbə günü də davam edib. Bu arada isə misirli vasitəçilər atəşkəsi möhkəmlədirmək üçün hər iki tərəflə danışıqlar aparıb.
Misirin nümayəndə heyəti cümə günü İsrailə səfər edib və o zamandan bəri İsraillə Fələstin əraziləri arasında gedib-gəlir. Bu barədə misirli diplomat və Həmas rəsmiləri şənbə günü məlumat verib.
Misirli diplomat deyib ki, zorakılıqlara uzun-müddətli həll yolu tapmaqla bağlı danışıqlara zorakılıqlara səbəb olan addımların qarşısını almaq yolları daxildir.
Bundan əlavə Misir hökuməti təcili ehtiyac duyulan tibbi ləvazimatlar və başqa humanitar yardımlarla dolu 130 yük maşınından ibarət karvanın şənbə günü Qəzza zolağına çatacağını gözlədiyini bildirib.
Şənbə günü İsraillə Həmas militant qruöu arasında son on ildə baş verən dördünü böyük qarşıdurmaya son qoyan atəşkəsin ilk tam günü idi.
Cümə günü 11 gün davam edən döyüşlərdən sonra elan olunan atəşkəsin qüvvədə qaldığı bir vaxt həm İsrail həm də Həmas zəfər elan ediblər.
Atəşkəs yerli vaxtla gecə saat 2-də qüvvəyə mindiyi zaman Qəzzanın minlərlə sakini küçələrə axışıb. Gənclər Fələstin və Həmasın bayraqlarını dalğalandırıb, şəkər paylayıb, siqnal veriblər və fişəng atıblar. Bununla bərabər Qüdsün şərqində və İordan çayının qərb sahili boyunca da şənliklər keçirilib.
İsrailin Baş naziri Beynamin Netanyahu cümə günü televiziyada yayımlanan çıxışında deyib ki, hərbi əməliyyat Həmasın İsrailə raket atmaq imkanlarına ziyan vurub, 200-dən çox militantın ölümünə səbəb olub və Həmasın tunel şəbəkəsinin bəzi hissələrini dağıdıb. Həmas və İslamçı Cihad militant qrupu 20 döyüşçünün öldüyünü qəbul edib .
“Həmas artıq gizlənə bilməz. Bu, İsrail üçün böyük nailiyyətdir,” Netanyahu deyib.
Lakin o xəbərdarlıq edib ki, Həmas əlavə hücumlar həyata keçirməyə çalısa İsrail “yeni güc səviyyəsi” ilə cavab verəcək.
Həmas həmçinin qələbə elan edib və qrupun rəhbəri İsmail Haniyə deyib ki, qrup hərbi və iqtisadi baxımdan daha güclü düşmənə qarşı uğurlu şəkildə müqavimət göstərib və Qəzzadakı dağıntıları bərpa etməyə söz verib.
Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada 30 tibb müəssisəsinə ziyan vurulduğunu bildirib. ÜST-nın sözçüsü Marqaret Harris deyib ki, döyüşlərdə azı 243 fələstinli öldürülüb, 8538 nəfər yaralanıb.
Birləşmiş Millətlər Təşkilatı Qəzzaya fövqəladə humanitar ehtiyaclar üçün 18.6 milyon dollar pul ayırıb. BMT Qəzzada 72 000-dən çox fələstinlinin didərgin düşdüyünü bildirib.
Cümə günü İsrailin cənubunda yerləşən Sderot şəhər sakinləri atəşkəsii müxtəlif reaksiya ilə qarşılayıblar. Bəzilər hökuməti tələsik addım atdığına görə tənqid edib. Digərləri isə bu addımın sülh naminə lazımlı və müsbət olduğunu deyiblər.
ABŞ Prezidenti Co Bayden deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı ona İsrailin Həmas militant qrupu ilə "qarşılıqlı, qeyd-şərtsiz atəşkəsə" razılaşdığını bildirib.
ABŞ dövlət katibi Antoni Blinkenin gələn həftə regiona səfəri və çərşənbə və cümə axşamı İsraillə Fələstin milli idarəsi ilə görüşləri planlaşdırılıb. Blinkein həmçinin atəşkəsə vasitəçilik edən Misirə və İordaniyaya səfəri gözlənilir.
Dünya liderləri Misirin vasitəçilik etdiyi atəşkəsi müsbət qarşılayıblar.