Accessibility links

Hüquq müdafiəçisinin səhhəti ağır olaraq qalır


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Bakıda EGE Hospitalının həkimləri hüquq müdafiəçisi Oqtay Gülalıyevin qan analizindən sonra müəyyən ediblər ki, onun vəziyyətinin pisləşməsinin səbəbi qarın boşluğuna infeksiyanın düşməsidir. Gülalıyevin səhhəti avqustun 5-dən sonra kritik həddə çatıb.

Gülalıyevin ailəsindən bildiriblər ki, mütəxəssis tərəfindən müayinədən və əlavə tomoqrafik tədqiqatdan sonra növbəti müalicəyə dair qərar qəbul ediləcək. Ola bilsin ki, orqanizmin infeksiyadan təmizlənməsi üçün cərrahi müdaxilə lazım gəlsin.

İndiki mərhələdə fəala antibiotiklər və digər dərmanlar vurulur. Bu gün vəziyyəti ağır olaraq qalır, lakin təzyiqi normallaşıb, temperaturu enib. Həkimlərin rəyinə görə, beyində heç bir problem yoxdur.

Avqustun 6-da axşam İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Gülalıyevin vəziyyəti haqda məlumat verib.

Məlumatda deyilir ki, o, müayinə və müalicə üçün EGE Hospitala yerləşdirilib.

“Hazırda bu müalicə müəssisəsində instrumental və laborator araşdırmalar aparılır. Həkimlər reanimasiyaya yerləşdirilən xəstənin vəziyyətini sabit və ağır hesab edirlər," məlumatda deyilir.

Avqustun 5-də qastronomiya borusunun çıxmasından sonra hüquq müdafiəçisinin vəziyyəti pisləşib. Gündüz temperaturu kəskin şəkildə yüksəlib.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.

Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilib.

XS
SM
MD
LG