Accessibility links

Siyasi məhbusların yenilənmiş siyahısı - 108 nəfər


Vətəndaş cəmiyyətinin İşçi Qrupu iyunun 10-da siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 108 nəfərin adı daxil edilib.

Onların arasında 4 jurnalistin - Azad Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli və Polad Aslanovun adı var.

"Siyasi və ictimai fəallar" qrupunda 12 nəfərin adı var: Fuad Əhmədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümbətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə (hamısı AXCP üzvləridir), Tofiq Yaqublu (Müsavat üzvü), Saleh Rüstəmov (keçmiş Xalq Cəbhəsi üzvü).

Ən böyük qrupu dindarar təşkil edir. Bu qrupda 43 nəfərin, o cümlədən Nardaran hadisələri ilə əlaqədar, İslam Partiyasının işi ilə bağlı həbs edilənlərin və s. adları var.

Siyahıda həmçinin üç ömürlük məhbusun adı var. Onlar 25 ilə yaxındır həbsdə olan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovdur.

Siyasi mühacir Türkel Azərtürkün qohumu Emin Saqiyev "girov" kimi tanınıb. Daha üç siyasi məhbus "Səid Dadaşbəylinin qrupu"ndandır.

Siyahıda 2018-ci il Gəncə hadisələri ilə əlaqədar həbs edilən 42 nəfərin adı var.

2019-cu il noyabrın 25-də əvvəlki siyahı dərc edildikdən sonra 11 nəfər azadlığa çıxıb: 4 nəfər məhkəmə qərarı ilə, 4 nəfər cəza müddəti başa çatdığına görə, 2 nəfər əvf olunub, bir nəfər ev dustaqlığına keçirilib.

Eyni zamanda, siyahıya 7 nəfərin adı əlavə edilib: Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümbətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə və Firudin Zeynalov.

Aqil Hümbətov siyasi motivlərlə psixiatriya xəstəxanasına yerləşdirildiyinə görə adı siyahıya salınıb.

İşçi qrup hakimyətin karantindən istifadə edərək vətəndaşlara təzyiqi artırdığını qeyd edir

İşçi qrup həmçinin siyasi motivlərlə hakimiyyətin pandemiya ilə əlaqədar karantindən istifadə edərək vətəndaşlara təzyiqi artırdığını qeyd edir. Saxlanılanların çoxu polis bölməsində döyülüb və işgəncələrə məruz qoyulub.

İyulun 7-də Yasamal rayonunda polis tərəfindən saxlanılmış 11 dinc vətəndaş da işgəncələrə məruz qalıb. İşçi Qrup insanlara qarşı bu alçaldıcı davranışı və polisin öz qanunsuz əməlləri barədə video yaymasını pisləyir.

İşçi qrup Azərbaycan hakimiyyətini pandemiya ilə bağlı böhrandan insan hüquqlarını pozmaq üçün istifadə etməməyə, tənqidi səslərin boğulmasına və dinc etirazların zorakılıqla yatırılmasına son qoymağa çağırıb.

İşçi Qrupa vətəndaş cəmiyyətinin nümayəndələri daxildir. Qurumun koordinatoru tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevdir.

Siyasi iradə nümayiş etdirilməlidir

Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə bildirib ki, Azərbaycanda siyasi məhbus problemini həll etmək üçün siyasi iradə nümayiş etdirilməlidir.

“Siyasi iradə nümayiş etdirilməlidir, həbsdə olanlar azadlığa buraxılmalı, məhkəmə-hüquq sistemində islahatlar fundamental olmalıdır ki, siyasi məhbus problemi birdəfəlik öz həllini tapsın. Hər iki addım siyasi iradədən aslıdır,” o deyib.

Ölkə rəsmiləri Azərbaycanda siyasi məhbusların olmadığını bəyan edir

Azərbaycanın hüquq-mühafizə orqanları karantin rejiminin tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir. Ölkə rəsmiləri insanların siyasi baxışlarına görə təqibə məruz qoyulmadığını, siyasi məhbusların olmadığını bəyan edir.

Beynəlxalq təşkilatlar isə siyasi məhbuslarla bağlı qətnamə qəbul edib

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda 10-dan çox insanı vicdan məhbusu elan edib. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG