Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəsissəsində rəis heyəti məhkumları cəzalandırmaq məqsədi ilə poçt göndərişlərini dayandırıb.
Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatı məlumat yayıb.
“Buna etiraz olaraq bu gün, mayın 11-də bir qrup məhbus aclıq aksiyasına başlayıb. Aclıq aksiyasına başlayan məhkumlardan Məmmədli Bəhruz Rafiq oğlunun adını öyrənə bilmişik. Digərlərinin adını hələlik dəqiqləşdirmək mümkün olmayıb,” hüquq-müdafiə təşkilatının yaydığı xəbərdə deyilir.
Müdafiə Xətti Təşkilatı Penitensiar Xidmətin rəhbrəliyini məhbusları dinləyib problemlərini aradan qaldırmağa çağırır.
Təşkilat bildirir ki, bir neçə gün öncə 6 saylı cəzaçəkmə müəssisəsində 10 məhbus müəssisə rəhbərliyinin iş fəaliyyətinə, cəza-icra siyasətinə etiraz rəmzi olaraq intihara cəhd edərək özlərinə xəsarət yetirib, damarlarını doğrayıb.
“Məhbuslara ilkin tibbi yardım etmək əvəzinə onları “kars”a (cərimə təcridxanası-red) salıb, əlavə işgəncə tətbiq ediblər,” Müdafiə Xətti bildirir.
Penitensiar Xidmətdən məlumatla bağlı şərh almaq hələ mümkün olmayıb.