Siyasi ekspert Hüseyn Paşayi Amerikanın Səsinə müsahibədə İranda yeni prezident seçilmiş ultra mühafizəkar siyasətçi İbrahim Rəisi dönəmində nüvə müzakirələri və İranın Qərblə münasibətlərinin hansı istiqamətdə irəliləyəcəyini dəyərləndirib.
Nüvə müzakirələri ilə bağlı yenilikləri şərh edən Paşayi deyir ki, “indi elə bir vəziyyətə gəlib çatmışıq ki, iki tərəfin də dediyinə görə, bəzi razılıqların əldə edilməsinə rəğmən, hələ də böyük problemlər var ki, 6 dövr müzakirədən sonra bunlar hərtərəfli bir razılığa çatmayıblar.”
Bugün İranda etirazlar artır. Tətil aksiyaları başlayıb. Böyük zavodlarda, böyük şirkətlərdə işçilər işdən çıxırlar. Aylardır maaşları ödənilməyib. Dərin iqtisadi problemlər var.
Paşayinin dediklərinə görə, “bu gün İranda etirazlar artır. Tətil aksiyaları başlayıb. Böyük zavodlarda, böyük şirkətlərdə işçilər işdən çıxırlar. Aylardır maaşları ödənilməyib. Dərin iqtisadi problemlər var. Pandemiya ilə mücadilə və vaksin məsələsi var.”
Onun fikrincə, İbrahim Rəisi siyasi görüşündən asılı olmayaraq bu problemləri çözmək üçün nüvə məsələsi və Qərb ilə problemlərini çözmək məcburiyyətində olacaq:
“Sağlam düşüncə deyir ki, bütün bu problemlərin həllinin bir yolu vard. Hamısı gəlir bir qapıya çıxır. O da, bu nüvə məsələsi və ondan daha yuxarı bir perspektivdə Qərb ilə problemləri çözməkdən keçir. Yəni, İranın neftini satması üçün və o satdığı neftin pulunun iqtisadiyyata inyeksiya etməsi üçün, sanksiya məsələsi və FATF (Financial Action Task Force-Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) məsələsinin çözülməsi lazimdir. Artıq Rəisi höküməti və ya Xameneyinin özü, yəni o dərin dövlət bu problemlər ilə qarşı-qarşıyadır. Ekspertlər bundan başqa bir yol görmür.”
Nüvə anlaşmasında bir problemlə qarşılaşanda, Xameneyi və ətrafındakılar məsuliyyəti üzərlərinə almırdılar. Məsuliyyəti prezidentin boynuna atırdılar. İbrahim Rəisinin prezidentliyə gəlməsi ilə bu vəziyyət dəyişəcək.
Hüseyn Paşayi yeni prezidentin ali dini lider Seyyid Əli Xameneyinin çevrəsindən biri olduğuna işarə edərək deyir ki, onlar, artıq Həsən Ruhani dönəmindəki kimi çatışmazlıqları bir başqasının üzərinə ata bilməyəcəklər.
“İrandakı o dərin dövlət və ya o qüdrətin sərt özəyi indiyədək Həsən Ruhani hökümətini özlərinə qalxan edirdilər. Bütün sorunları Ruhani və kabinetinin bacarıqsızlığı və ləyaqətsizliyinə bağlayırdılar. Amma, artıq İbrahim Rəisi gəldikdən sonra problemləri başqasının üzərinə ata bilməyəcəklər,” siyasi ekspert söyləyir.
Hüseyn Paşayi əlavə edir ki, “İbrahim Rəisinin bir seçki mühəndisliyi ilə prezident olması, bir tərəfdən də bəlkə Qərb qüdrətləri üçün pis olmadı. Amerika rəsmilərinin də sözlərində var idi ki, bizim tərəfimiz Xameneyidir və prezidentin dəyişməsi ilə İran siyasətinin dəyişmədiyini bilirik... Yəni, nüvə anlaşmasında bir problemlə qarşılaşanda, Xameneyi və ətrafındakılar məsuliyyəti üzərlərinə almırdılar. Məsuliyyəti prezidentin boynuna atırdılar. Amma, indi Qərb bilir ki, Rəisi Xameneyinin ən yaxın adamlarından biridir və ən azından artıq məsuliyyət onların boynundadır. Digər tərəfdən bir problem olsa da, artıq İran daxilində də xalqa deyə bilməyəcəklər ki, bu prezident və kabinetinin uğursuzluğu idi.”