Accessibility links

Hüquq müdafiəçisi aclıq aksiyasını dayandırıb


Vəkil Nəsrin Sütudə
Vəkil Nəsrin Sütudə

Vəkil Nəsrin Sütudə dekabrın 4-də 49 gün sürən aclıq aksiyasını dayandırıb. O uşaqları ilə görüşməsinə icazə verilmədiyinə, qızının ölkədən çıxmasına qadağa qoyulduğuna etiraz edirdi

Məşhur iranlı hüquq müdafiəçisi, vəkil Nəsrin Sütudə dekabrın 4-də 49 gün sürən aclıq aksiyasını dayandırıb.

“Media forum” saytının məlumatına görə, Nəsrin Sütudə uşaqları ilə görüşməsinə icazə verilmədiyinə, 12 yaşlı qızı Mehravə Xəndanın ölkədən çıxmasına qadağa qoyulduğuna etiraz olaraq aclığa başlamışdı. Səhhəti kəskin pisləşən hüquq müdafiəçisi qızının ölkəni tərk etməsinə qoyulan qadağa götürülməyincə aclığı davam etdirəcəyini bildirmişdi.

İranlı deputatlar Məhəmmədrza Tabiş və Məhəmməd Həsən Əbuturabi Fərd məsələni parlament sədri Əli Laricani və Məhkəmə Sisteminin rəisi Sadıq Laricani ilə müzakirə edəndən sonra qadağa ortadan qaldırılıb və bundan sonra Nəsrin Sütudə aclığa dayandırıb.

Nəsrin Sütudənin səhhətində ciddi problemlər yarandığı, onda tez-tez başgicəllənmə, qan təzyiqi olduğu, görmə qabiliyyətinin isə xeyli zəiflədiyi bildirilir.

Bir çox siyasi məhbusların vəkilliyini qəbul etdiyinə görə 2010-cu ilin sentyabr ayında zindana salınan Nəsrin Sütudə 11 il həbsə məhkum edilib. Nəsrin Sütudə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.

Xanım Sütudə bu il oktyabrın 26-da insan hüquqları uğrundakı fəaliyyətinə görə Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb. Mərhum sovet dissidenti, akademik Andrey Saxarovun adını daşıyan mükafatın digər laureatı İran rejissoru, azərbaycanlı Cəfər Pənahi olub.
XS
SM
MD
LG