Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rüfət Səfərov üzərindən məhkumluğunun götürülməsini istəyir.
Rüfət Səfərovun Amerikanın Səsinə verdiyi açıqlamasına görə, məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət etsə də, məhkəmə təmin etməyib.
Qərarla razılaşmayan hüquq müdafiəçisi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
“Həm o zaman həm də indi də hesab edirəm ki, məruz qaldığım cinayət təqibi siyasi yüklüdür. Siyasi əqidəmə görə hazırda repressiya altındayam. Bu mənada birinci instansiya məhkəməsinə müraciət etdim ki, üzərimdən məhkumluq götürülsün. Cinayət Məcəlləsinin tələbinə görə ağır cinayətdə ittiham olunub azadlıqdan məhrum olunmuşamsa 6 ildən sonra üzərimdən məhkumluq götürülür daha doğrusu ödənilir. Amma vaxtından əvvəl məhkəmə qaydasında müraciət edilərsə təbii ki, ədalətli bir qərara dayanaraq üzərimdən məhkumluq götürülə bilər. birinci instansiya məhkəməsi bu qərarı təəssüf ki təmin etmədi. Hesab etdi ki, mənim üzərimdən məhkumluq götürülməli deyil. Çünki ictimai təhlükəli şəxsəm, amma necə ictimai təhlükəli şəxs ola bilərəm ki, son 4 il ərzində mən 3 dəfə həbs olunub azadlığa buraxılmışam. Sadəcə Azərbaycan hakimiyyətinin maraqlarına zidd olaraq ictimai fəliyyətim olduğuna görə ard-arda məhkumluq həyatı yaşamışam. İndi isə mən 1-ci instansiya məhkəməsinin qərarından mən apellyasiya şikayəti verdim. Bu gün hazırlıq iclası idi. Birinci instansiyanın qərarı qanunsuzdur və sifariş əsasında qəbul olunub".
Rüfət Səfərov məhkumluğun üzərindən götürülmsini onunla izah edir ki, uzun müddət cinayət təqibinə məruz qalıb.
“Məqsəd əsas ondan ibarətdir ki, birinci növbədə haqsız və ədalətsiz olaraq cinayəq təqibinə məruz qalmışam. Bu, bərpa olunmalıdır. İkinci növbədə isə mən işləmək istəyirəm. Fəaliyyət göstərmək istəyirəm. sosial maddi həyatımı təmin eləmək istəyirəm. Təbii ki dvlət orqanlarında işləmək nə mənə görə deyil. Nə də imkan verməzlər. Özəl sektorda fəaliyyət göstərmək yasaqdır. Düşünürəm ki, vəkillər kollegiyasında fəaliyyət göstərərək imtahan və müsahibədən keçərək fəaliyyət göstərə bilərəm. Hər halda Azərbaycan hakimiyyətinin buna nə dərəcədə zəmin yaradacağına hələ şübhə altındadı. Bunun üçün isə mütləq üzərimdən məhkumluq götürülməlidir. Çünki Vəkillik və Vəkillik fəaliyyəti haqqında qanunun 8-ci maddəsinə görə ağır cinayətdə təqsirləndirilən şəxslərin kollegiyanın üzvü kimi fəaliyyət göstərməsi mümkün deyil. Hər halda daxili instansiyadan bir ciddi gözləntim yoxdur. İşi Avropa İnsan Haqları məhkəməsinə daşımaq əzmindəyəm".
Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidləri bir qayda olaraq rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.