Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Amerikanın Səsinə bildirib ki, Rəyasət Heyəti avqustun 6-da keçirilən iclasında 24 intizam işinə baxıb. Onların 7-si üzrə pozuntu aşkar edilmədiyindən icraata xitam verilib.
“7 iş üzrə müvafiq intizam tənbehi tətbiq edilib. 4 nəfər vəkilin fəaliyyəti dayandırılıb. Rəyasət Heyətinin qərarına uyğun olaraq vəkillərin adlarını açıqlamırıq. Ona görə ki, vəkillər Rəyasət Heyətinin qərarını mübahisələndirə bilər və məhkəmə onun xeyrinə qərar qəbul edərsə haqlı olaraq nüfuzunun pozulması, işgüzar nüfuzuna dəymiş ziyanla bağlı tələblər irəli sürər”, o qeyd edib.
Bağırovun sözlərinə görə barəsində tənbeh tədbiri seçilmiş vəkilin özü adını açıqlayarsa, bəyanat verərsə, bu zaman, Vəkillər Kollegiyası mövqeyini bildirəcək.
“Fəaliyyəti dayandırılmış vəkillər barədə qərarın qəbul olunmasına keyfiyyətli hüquqi yardım göstərməmələri, formal vəkilliklə məşğul olmaları, dövlət hesabına işlərə çıxıb ancaq üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməmələri və beləliklə vətəndaşların müdafiə hüquqlarının pozulması səbəb olub. Bir vəkilə qarşı cəzanın səbəbi isə ondan ibarətdir ki, müqavilə bağlamadan hüquqi yardım göstərib. Buna görə ona ödəniş də edilib, özü də etiraf edir”, Rəyasət Heyətinin sədri deyib.
O ictimai diqqətdə olan vəkillərin fəaliyyətinin dayandırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı sualın cavabında deyib ki, bütün vəkillər Vəkillər Kollegiyası tərəfindən bərabər qəbul edilir.
“Biz ayrıseçkiliyə yol vermirik. Kollegiya üçün ictimai fəal, ictimai fəal olmayan vəkil anlayışı yoxdur. Təəssüflər olsun ki, bəzi blogerlər müəyyən kateqoriya insanların hüquqlarını müdafiə edən, o sahə üzrə ixtisaslaşan vəkilləri tanınmış vəkil adlandırır”.
Bağırov bəyan edib ki, Vəkilləfr Kollegiyası bundan sonra da formal vəkilliyə qarşı sərt yanaşacaq.
“Hər kəsdən tələbimiz odur ki, qanuni vəkilliklə məşğul olsun, formal vəkilliklə məşğul olmasın. Biz formal vəkilliyə yox deyirik. Bundan sonra da belə hallar müəyyən ediləndə sərt tədbirlər görüləcək. Heç kimin buna şübhəsi olmasın”, o qeyd edib.
Hesabatda Vəkillər Kollegiyasının üzvü olan iki şəxsin, Fariz Namazlı və Əsabəli Mustafayevin adı qeyd olunur. Hər iki vəkil Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edib bildirib ki, həmin işçi qrupun tərkibində iştirak etməyib.
Rəyasət Heyətinin sədri Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupunun hesabatında siyasi məhbuslarla bağlı iş aparan vəkillərə qarşı Vəkillər Kollegiyasının tədbir görməsi barədə sualın cavabında deyib ki, işçi qrupda kollegiyadan bu və ya digər formada narazı olan insanlar, o cümlədən vaxtı ilə vəkilliyə qəbul edilməyənlər, vəkillikdən uzaqlaşdırılanlar, daim kollegiyaya qarşı qərəzli mövqedən çıxış edən jurnalislər var.
“Hesabatda Vəkillər Kollegiyasının üzvü olan iki şəxsin, Fariz Namazlı və Əsabəli Mustafayevin adı da qeyd olunur. Hər iki vəkil Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edib bildiriblər ki, həmin işçi qrupun tərkibində iştirak etməyiblər”, o qeyd edib.
Bağırovun sözlərinə görə hazırda ölkədə 48 vəkil qurumu fəaliyyət göstərir.
“Hər iclasda yeni vəkil qurumları qeydiyyata alırıq. Bunların sayı getdikcə artacaq. Biz çalışırıq ki, regionlarda da vəkil qurumlarının sayı artsın. Ümid edirəm ki, yaxın illərdə bütün şəhər və rayonlarda vəkil qurumları olacaq. Biz bütün vəkilləri birləşərək qurum yaratmağa çağırıq”.
Sədrin sözlərinə görə, hazırda ölkədə 1500-dən çox vəkil fəaliyyət göstərir. O bu ilin sonunadək vəkilliyə qəbulla bağlı yeni yazılı imtahanların keçirilməsinin də nəzərdən keçirildiyini bildirib.
Öz növbəsində, vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, həqiqətən də vəkillər Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupuna daxil deyil.
Vəkillər istəsə də işçi qrupa daxil ola bilməz.
“Sadəcə bəzi mətbuat orqanaları işçi qrupunun press-relizi yayılanda haradansa götürüb mənimlə, Fariz Namazlının adını işçi qrupunun üzvü kimi yazıb. Hərçənd ki, işçi qrupunun qaydalarına görə vəkillərdən heç kim oraya daxil olmur. Bunun səbəbi odur ki, vəkillər işçi qrupuna daxil olarsa siyası məhbus siyahısı hazırlanarkən maraqların toqquşması baş verər. Çünki hər bir vəkil çalışır ki, müdafiə etidiyi şəxsi siyasi məhbus siyahısına saldırsın, lobiçilik etsin və s. Bu səbəbdən də işçi qrup əvvəldən qayda qoyub ki, vəkillər oraya daxil ola bilməz. Ona görə də vəkillər istəsə də işçi qrupa daxil ola bilməz”, Əsabəli Mustafayev deyib.