“İlqar Məmmədovun hüquqları hələ də pozulmaqdadır, ona qarşı çıxarılmış hökm qüvvədə qalır, hakimiyyət yenə də onun azadlıqlarını, hərəkət azadlığı da daxil olmaqla, məhdudlaşdıracaq”. Human Rights Watch (HRW) insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Giorgi Gogia REAL partiyasının sədri İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsinin qərarıyla avqustun 13-də azadlığa buraxılmasını alqışlasa da, siyasətçinin iki illik şərti cəza ilə azad olunmasına diqqət çəkir.
Qurum təmsilçisi Məmmədovun həbsə atılmalı olmadığını vurğulayır. Avropa İnsan Haqları Məhkəməsi də iki qərarında siyasətçinin həbsini qanunsuz sayıb, onun hakimiyyəti tənqid etdiyinə görə həbs olunduğunu vurğulayıb. Avropa Şurasının Nazirlər Komitəsi bir neçə dəfə Məmmədovun azad olunmasına çağırıb. Avropa Şurasının baş katibi onun həbsdə qalmasıyla bağlı təhqiqata başlayıb, Nazirlər Komitəsi Azərbaycana qarşı hüquqi prosedurlara başlamaq qərarına gəlib.
Məmmədovun həbsdə saxlandığı 2 min 15 günün hər biri onun hüquqlarının pozulması demək olub və hakimiyyət hələ də bu yanlışı düzəltməlidir.
“Azərbaycanda ədalətsizcəsinə həbs olunan təkcə Məmmədov deyil. Hakimiyyət tənqidçilərinə amansız hücum edir, onlarla hüquq müdafiəçisi, siyasi fəal, jurnalist saxlanıb. Hökumətin qəbul etdiyi qanunlar və qaydalar müstəqil qrupların işini əngəlləyib, onların maliyyə almasını çətinləşdirib”, – müəllif yazır.
“Azərbaycanın beynəlxalq tərəfdaşlarının Məmmədovun azadlığa buraxılmasını alqışlayan bəyanatlar verməsi anlaşılandır, ancaq hökuməti tərif yağışına tutmamalıdırlar. Məmmədovun həbsdə saxlandığı 2 min 15 günün hər biri onun hüquqlarının pozulması demək olub və hakimiyyət hələ də bu yanlışı düzəltməlidir. Azərbaycanın beynəlxalq tərəfdaşları hakimiyyəti çağırmalıdırlar ki, Məmmədova tam bəraət verilsin, ona dəymiş ziyana görə kompensasiya ödənsin, səyahət, danışmaq, siyasi fəallıqla məşğul olmaq azadlıqlarına məhdudiyyətlər qaldırılsın. Onlar həmçinin hakimiyyəti Azərbaycanda azadlığı müdafiə etdiyinə görə saxlanmış digər şəxsləri də buraxmağa çağırmalıdırlar”, – Giorgi Gogia vurğulayır.
Azərbaycan hakimiyyəti ölkədə heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.
Xatırlatma
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.
Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
AİHM İlqar Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.
Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.