Accessibility links

ABŞ Dövlət Departamenti 2021-ci il dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqladı


Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Antoni Blinken Dövlət Departamentində hesabatla təqdim edib və jurnalistlərin suallarını cavablandırıb.

İllik hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntuları olduğu qeyd edilib. Hesabatda qanunsuz və ya özbaşına qətllər, işgəncə, güc strukturları tərəfindən qəddar rəftar, qanunsuz və ya özbaşına həbslər, siyasi məhbuslar, ölkədən xaricdə olan fərdlərə qarşı siyasi repressiyalar, cinsi orientasiyaya görə fərdlərə qarşı polis zorakılığı, ağır həbsxana şəraiti kimi pozuntular qeyd edilir.

Əlavə olaraq, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair hesabatının Azərbaycan hissəsində məhkəmə sisteminin müstəqilliyi ilə geniş yayılmış problemlərin olduğu, jurnalistlərə qarşı zorakılıq, o cümlədən bəzi jurnalistlərin təqib edilməsi və şübhəli ittihamlarla həbsi, internet azadlığının məhdudiyyəti, bəzi vebsəhifələrin bloklanması, toplaşma və birləşmə azadlığının de fakto qadağan edilməsi, siyasi iştiraka ciddi məhdudiyyətlər, hökumət korrupsiyası, o cümlədən uşaq əməyinin mövcudluğu kimi pozuntular daxil edilib.

Hesabatda qeyd edilir ki, 2020-ci ildə Azərbaycan, Ermənistan və Ermənistanın dəstəklədiyi separatçıların iştirakı ilə 44 günlük intensiv döyüşlərdən sonra sərhəd boyu ara-sıra toqquşmalar baş verib və bu, bəzi hallarda ölüm və həbslərlə nəticələnib. O cümlədən hesabatda bildirilir ki, Azərbaycan hökuməti 41 erməni məhbusunun olduğunu etiraf etməklə yanaşı, əlavə 25 erməni hərbçinin saxlandıqdan sonra yoxa çıxması ilə bağlı ittihamları inkar edib.

Hesabatda Azərbaycanın ölkə qanunvericiliyinə əsasən hüquqi proseslərdə yalnız Vəkillər Kollegiyasının üzvlərinin iştirak etməli olduğu və son ildə bu quruma daxil edilən vəkillərin sayının 1833-dən 2132-yə qədər artmasına baxmayaraq, yeni üzvlərin böyük əksəriyyətinin kollegiyadan uzaqlaşdırıla biləcəklərindən çəkindikləri üçün insan haqları ilə bağlı işlərdə iştirak etmədiyi deyilir.

Həmçinin hesabatda Azərbaycan qeyri-hökumət təşkilatlarının ölkədə 122 siyasi məhbus olduğunu hesab etdiyi qeyd edilir. Əlavə edilir ki, 2021-ci il 18 martda prezident əfvi nəticəsində 625 nəfər azadlığa buraxılsa da, insan haqları müdafiəçiləri onlardan yalnız 38-nin siyasi məhbus olduğunu bildiriblər.

ABŞ Dövlət Departamentinin 2021-ci il üçün hazırladığı hesabatda Azərbaycan hökumətinin 100-dən çox fərdin müxtəlif növ işgəncələrə məruz qaldığı və bunun nəticəsidə 8 nəfərin həlak olduğu Tərtəş işini etifar etməsi də qeyd edilir. Bildirilir ki, 2017-ci ildə 100-dən çox hərbçi və vətəndaş Ermənistana casusluq etmək ittihamı ilə həbs edilib və onlardan 27-si keçən ilin sonuna qədər hələ də həbsdə idi. Əlavə edilir ki, həmin insanlardan bəzilərini 20 ilə qədər həbs müddəti gözləyir və onlar siyasi məhbus hesab edilir.

O cümlədən, hesabatda dekabr ayında Milli Məclisin vətəndaş cəmiyyəti, müstəqil jurnalistlər və beynəlxalq ictimaiyyətdən təklifləri nəzərə almadan sürətli şəkildə yeni media qanununu qəbul etməsi də qeyd edilir.

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı bildirilir.

ABŞ Dövlət Departamentinin 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatı 198 ölkəni əhatə edir. Hesabatda bildirilir ki, bir çox ölkədə insan hüquqları pozuntularının baş verdiyi, demokratiyanın tənəzzül etdiyi və avtoritarizmin gücləndiyi bir dövrdə bu pozuntulara diqqət yetirmək olduqca önəmlidir.

XS
SM
MD
LG