Accessibility links

Honq Konqda tələbələr etirazlara qoşulub


Honq Konqda minlərlə tələbə dərs ilinin ilk gününü boykot edərək bazar ertəsi demokratiya tərəfdarı nümayişçilərə qoşulub və şəhər boyu hökümət əleyhinə etiraz nümayişlərində iştirak edib.

Bu həftə sonu isə iğtişaşlar başlayandan bəri ən zorakı nümayişlər baş verib. Etirazçılar barrikadaları yandırıb və polisə Molotov kokteylləri atıb, polis isə onlara gözyaşardıcı qaz və dəyənəklərlə cavab verib.

Hong Konqun Çin Universitetinə toplaşan tələbələr etirazçılara dəstək olaraq "yağ əlavə et" şüarları səsləndiriblər.

İğtişaş polisinin metronun iki stansiyasını daxil olub sərnişinləri döyməsi şəhərin bir çox sakini tərəfindən qəzəblə qarşılanıb. Dəbilqəli və maskalı polis zabitlərinin piyadaları və metro qatarındakı sərnişinləri döydüyünü göstərən video görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Polis nümayəndəsi jurnalistlərə bildirib ki, polis qüvvələri müqavimət göstərən etirazçılara qarşı münasib şəkildə gücdən istifadə edib.

“Polis şəhərdə ictimai asayişin qorunması və qanunu pozanların məsuliyyətə cəlb olunması üçün qəti tədbirlər görməyə davam edəcək”, polis qüvvələrinin açıqlamasında bildirilib.

Honq Konqda nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz şəklində başlayıb. Lakin bundan sonra etirazlar demokratik islahatlar naminə hərəkata çevrilib.

İyun ayında cinayətkarlıqda şübhələnilənlərin mühakimə olunmaq üçün Çinə ekstradisiyasə ilə bağlı qanun layihəsinin ləğvi məqsədilə dinc nümayişlərin başlamasından bəri polisin təxminən 900 etirazçını həbs etdiyi deyilir.

XS
SM
MD
LG