Suriyanın insan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, Homs şəhərində tanklarla müşayiət edilən hökumət qüvvələri tərəfindən 11 adam öldürülüb. Prezident Bəşar Əl-Əsəd əleyhinə nümayişlərin mərkəzi olan bu şəhərdə mobil telefonlar, elektrik və internet xidməti kəsilib. Bugünkü hücum dünən biri yeniyetmə olmaqla, iki adamın öldürülməsindən sonra həyata keçirilib.
Fransanın Xarici İşlər Nazirliyi hücumları pisləyərək, Suriyanı "insanlığa qarşı cinayətlərin" dayandırılmasına çağırıb.
Bu arada, Ərəb Liqasının yüksək səlahiyyəli diplomatı Suriya səfərini təxirə salıb. Suriyanın dövlət SANA xəbər agentliyinin bildirdiyinə görə, hökumət Nabil Elərəbidən səfərini bəzi səbəblərə görə təxirə salmasını istəyib.