Accessibility links

Hollivud prodüseri Harvi Vaynşteyn seksual zorakılığa görə 23 il azadlıqdan məhrum edildi


Çərşənbə günü Nyu York məhkəməsi 67 yaşlı Hollivud prodüseri Harvi Vaynşteyni 23 il həbs cəzasına məhkum edib. Fevralın sonunda 12 nəfərdən ibarət münsiflər məhkəməsi Vaynşteyni 2006-cı ildə prodüser assistenti Mimi Haleyiyə qarşı seksual təcavüzdə və 2013-cü ildə digər qadını zorlamada təqsirli hesab ediblər.

Prokurorluq bu maddələr üzrə maksimum cəza-ümumi olaraq 29 il tələb edib. Müdafiəçi müttəhimin bu müddətin bitməsini görmək üçün yaşaya bilməyəcəyini iddia edərək, 5 il həbs cəzası istəyib. Eyni zamanda münsiflər məhkəməsi Vaynşteyni onun ömürlük həbs cəzası almasına yol aça bilən ağırlaşdırıcı şəraitdə zorlama ittihamı üzrə təqsirli bilməyib.

Hökm prodüserin 80-dən çox qadının təcavüz və cinsi istismarda günahlandırılmasından sonra başlayan #MeToo hərəkatında dönüş nöqtəsi adlanır. Vaynşteyn özü bütün bu ittihamları təkzib edib.

Bir vaxtlar çoxlarının qorxduğu prodüserə qarşı ittihamnamə əsas üç müddəa üzərində qurulmuşdu - onun Nyu Yorkdakı otel otağında aktrisa olmaq istəyən qızı zorlaması, Haleyini oral seksə məcbur etməsi və "Sopranos" teleserialının aktrisası Annabella Sciorraya qarşı onun öz mənzilində seksual akt.

Film prodüseri üçün bu hökm, çox ehtimal ki, sonuncu deyil. Kaliforniya prokurorları daha bir neçə işi araşdırır.

XS
SM
MD
LG