Accessibility links

Hillari Klinton "Çətin seçimlər" kitabında Azərbaycan haqda da yazıb


“Həyatda hamımız çətin seçimlərlə qarşılaşırıq. Həyat bu seçimlərdən ibarətdir. Bizim seçimlərimiz və onları necə idarə etməyimiz bizim kim olduğumuzu müəyyən edir”-Hillari Klinton, “Çətin seçimlər”

Hillari Klinton vəzifədən gedəndən sonra ictimaiyyətin diqqətindən kənarda qalan bir çox siyasətçidən fərqli olaraq 2013-cü ildə Dövlət katibi postunu tərk edəndə təbii olaraq “onun növbəti addımı nə olacaq?” sualı verilməyə başladı. Bu suala cavabı indi çoxları onun yeni kitabında axtarmağa çalışır.

Hillari Klintonun “Çətin seçimlər” adlı yeni memuarı təhlilçilər tərəfindən onun böyük siyasi meydana qayıdışının prelüdiyası kimi dəyərləndirilir. 635 səhifədən ibarət kitabın böyük hissəsi xanım Klintonun Obamanın prezidentliyinin birinci dönəmində Amerikanın baş diplomatı olduğu illər ABŞ-ın xarici siyasətinə həsr edilib.

Dörd il dövlət katibi olduğu illər dünyanın 112 ölkəsinə səfər edərək, 1,5 milyon kilometr yol qət edən Hillari Klinton kitabında xarici siyasət sahəsində 21-ci əsrin sınaqları və ABŞ-ın qlobal liderliyi, eləcə də beynəlxalq xarici siyasət haqda fikirləri ilə bölüşür.

Xanım Klinton kitabında Avropada enerji təhlükəsizliyinin ABŞ üçün əhəmiyyəti və Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji ilə təmin edilməsində rolu məsələlərinə də toxunur. O, Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın Rusiyadan enerji asılılığının azaldılması məqsədilə Mərkəzi Asiyadan təbii qazın Avropa bazarlarına nəql edilməsi planları qarşısında problem yaratdığını qeyd edir.

Hillari Klinton Türkiyə və Balkan ölkələri vasitəsilə Xəzər dənizindən təbii qazın Avropaya nəqlini təmin edəcək Cənub qaz dəhlizini enerji diplomatiyası sahəsində ən mühüm təşəbbüs kimi qiymətləndirir: “Layihənin gerçəkləşməsi üçün lazım olan razılaşmaların müzakirə edilməsi məqsədilə səfir Riçard Morninqstarı xüsusi nümayəndə təyin etdim. Bu, Xəzər dənizində əsas mənbə olan Azərbaycanla qonşusu Ermənistan arasında uzun illər sürən münaqişəyə görə mürəkkəb məsələ idi. Morninqstar Azərbaycan prezidenti İlham Əliyevlə elə konstruktiv iş münasibətləri yaratmışdı ki mən onu orada səfir təyin etdim.”

Xanım Klinton kitabında Azərbaycana iki dəfə səfər etdiyini qeyd edərək, bu səfərlərin əsas məqsədinin regionda sülh səyləri və demokratik islahatlara təşviq etmək və eyni zamanda qaz kəməri layihəsinin gerçəkləşməsinə dəstək göstərməkdən ibarət olduğunu yazır.

Hillari Klinton kitabında Obama administrasiyasının ilk illərində Türkiyə-Ermənistan yaxınlaşması istiqamətində səyləri ilə bağlı maraqlı detalları açıqlayıb.

Hillari Klinton Əhməd Davutoğlu və Edvard Nalbandyanla bir neçə ay ərzində 30-dan çox telefon söhbəti və prezident Obamanın məsələ ilə yaxından məşğul olmasını qeyd edərək, 2009-cu ildə oktyabrın 9-da Cenevrədə Türkiyə və Ermənistan arasında protokolların imzalanması mərasimindən öncə baş verənləri təsvir edir. Onun yazdığına görə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun imzalama mərasimində edəcək çıxışı ilə bağlı narahat olduğuna görə mərasimə gəlməkdən imtina etmişdi.

“Mənim maşın karvanım yoldan dönüb Sürixin Dolder Grand Hotel mehmanxanasına qayıtdı. Mən maşında gözlədiyim vaxt Filip Qordon (Klinton dövrü Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı-D.Ə.) İsveçrənin baş müzakirəçisi ilə bərabər Nalbandyanı tapmaq və onu mərasimə aparmaq üçün yuxarı qalxdı. Amma o yerindən tərpənmədi. Filip bunu demək üçün aşağı gəldi və mənimlə maşına olturdu. Maşını mehmanxananın arxasında saxladıq”-yazan xanım Klinton bundan sonra Nalbandyanla şəxsən danışmaq üçün yuxarı qalxdığını və ona imzalama mərasimində çıxışların olmaması təklifini etdiyini deyir.

Hillari Klinton yazır ki, Edvard Nalbandyanı razı salmaq üçün aparılan danışıqlar imzalama mərasiminin üç saat gec başlaması ilə nəticələnmiş, New York Times qəzeti isə dövlət katibinin səylərini “limuzin diplomatiyası” adlandırmışdı. “Mənim maşınım limuzin deyildi, amma bunu çıxmaqla bu, uğurlu müqayisə idi”-deyə o xatirələrində qeyd edir.

30 ilə yaxındır Amerikanın siyasi-ictimai həyatında diqqət mərkəzində olan Hillari Klinton Vaşinqtonun ən nüfuzlu siyasi fiqurlarından biridir.

“Həyatda hamımız çətin seçimlərlə qarşılaşırıq. Həyat bu seçimlərdən ibarətdir. Bizim seçimlərimiz və onları necə idarə etməyimiz bizim kim olduğumuzu müəyyən edir”-deyə Hillari Klinton öz kitabını bu sözlərlə başlayır.

Hillari Klintonun seçimləri onu ABŞ-ın birinci xanımı, senator və dövlət katibi səviyyəsinə gətirib çıxarmışdır. Hələlik o, “Çətin seçimlər” kitabı 2016-cı il prezidentlik yarışlarından öncə bir test hesab edilsə də, seçkidə namizədliyini irəli sürüb-sürməyəcəyi haqda açıqlama vermir. Bəlkə ona görə ki Hillari Klinton özünün ən “çətin seçimi” qarşısındadır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG