Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən Hərbi Hava Qüvvələrinin keçirdiyi "TurAz Şahini 2015" birgə təlimləri yekunlaşıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatəna görə, təlimlərdə 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum, İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, eləcə də 104 nəfərlik heyət iştirak edib.
Təlimlər 3 istiqamətdə icra edilib.
Birinci istiqamətdə, qırıcı aviasiyanın Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, Türkiyə Hərbi Hava Qüvvələrindən isə F-16 təyyarələri döyüş uçuşları ediblər. Azərbaycan pilotları F-16, Türkiyə pilotları isə MiQ-29 təyyarələrində uçuşlar edərək şərti yaxın hava döyüşlərini keçiriblər.
İkinci istiqamətdə, hücum aviasiyasından Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 tipli təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələrinin F-4E hərbi təyyarələri ilə birgə hava uçuş tapşırıqlarını icra ediblər. Azərbaycan pilotları F-4E, Türkiyəpilotları isə Su-25 təyyarələrində uçuşlar ediblər.
Üçüncü istiqamətdə, ordu aviasiyası qarşıya qoyulan tapşırıqları yerinə yetirib. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri müvafiq olaraq Mi-17 və AS-532 "Cougar" helikopterlərində müxtəlif növ döyüş tapşırıqlarını icra ediblər.
Təlimlərin sonuncu günü, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Akın Öztürk, komandanın birinci müavini Abidin Ünal və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun rəhbərliyi altında aviasiya vasitələri praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.
MiQ-29 və F-16 təyyarələri hava düşməninə qarşı döyüş, yer hədəflərinə qarşı bomba və top atışları, Su-25 və F-4E təyyarələri isə düşmənin yer hədəflərinə bomba və top zərbələri endiriblər.
Ssenariyə uyğun olaraq, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Mi-17 və AS-532 "Cougar" helikopterləri vasitəsilə şərti düşmən ərazisində qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatını icra ediblər.
Hazırda Türkiyədə NATO çərçivəsində davam edən "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri iştirak edir.
Təlimlər aprelin 13-dək davam edəcəkdir.