Hələbdə üç gün davam edən humanitar fasilədən sonra döyüşlər yenidən başlayıb.
Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidə Qrupu hava hücumları, quruda hərbi əməliyyatlar və artilleriya hücumlarının keçirildiyini bildirib.
Qrupun bildirdiyinə görə, qədim şəhərinhökumətin nəzarətində olan qərb hissəsi və üsyançıların nəzarət etdiyi şərq hissəsi boyu cəbhə xəttinin bir neçə yerində toqquşmalar baş verib. Müşahidə Qrupu Suriya və Rusiya hərbi təyyarələrinin hücumlarının başladığı haqda məlumat verib.
Üsyançıların qrupu hücumların həyata keçirilməsindən öncə mülki vətəndaşlara hökumətin nəzarətində olan yerlərə getməmək barədə xəbərdarlıq edib.
Tibbi evakuasiya dayandırılıb
BMT Hələbdə cümə günü planlaşdırılmış təxliyyə planını şəhərdə döyüşən tərəflər qarantiyalar vermədiyinə görə təxirə salmağa məcbur olduğunu bildirib.
Hələbin şərq hissəsində 250 min mülki vətəndaşın həyat əhəmiyyətli təchizata, yüzlərlə insanın isə tibbi müalicəyə ehtiyacı olduğunu və təxliyyə edilməli olduğunu bildirib.
BMT və Qırmızı Xaç cəmiyyətinin təchizatla dolu yük maşınları yüklərin təhlükəsiz şəraitdə çatdırılmasına qarantiyaların verilməsini gözləyərək həftələrdir Türkiyə sərhəddində durub.
Atəşkəsin bir hissəsi olaraq Suriya ordusu mülki əhalinin şəhərdən təhlükəsiz çıxışını təmin etmək üçün səkkiz dəhliz açıb. Bu dəhlizlərdən ikisi tərksilah olub şəhəri tərk etmək istəyən üsyançı döyüşçülər üçün nəzərdə tutulub. Dəhlizlərdən biri Türkiyəyə, digəri isə üsyançıların nəzarətində olan İdlib vilayətinə aparır.
Median bu dəhlizlərdən mülki əhali və üsyançılar tərəfindən çox az istifadə edildiyi haqda məlumat verib.