Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev çərşənbə günü günorta bir həftə əvvəl salındığı karserdən çıxarılıb. Amma o, mədəaltı vəzində dözülməz ağrılardan şikayət edib, bu, keçirdiyi aclıq aksiyasının nəticəsi olub. Bu barədə Turana onun bacısı Əminə Hacıyeva bildirib.
Keçmiş bankir həmçinin bildirib ki, "təcili yardım" və ya başqa həkimlər çağırmaq xahişlərinə baxmayaraq, onun müraciətlərinə məhəl qoyulmur.
Ə.Hacıyevanın sözlərinə görə, qardaşına hətta ağrıkəsici dərman da vermirlər.
Prokurorluq hətta ona bacısı və digər doğmaları ilə görüşməyi də qadağan edib, bunu "istintaqın məxfiliyinin təmin edilməsi" zərurəti ilə əsaslandırıb.
"Mən iki ildir istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində qardaşımla görüşlərə gedirdim, istintaq yekunlaşıb və o, mühakimə edilib, cəzaçəkmə müəssisəsində saxlanılır, indi görüşləri qadağan edirlər", deyən Hacıyeva qardaşının səhhətinə görə ciddi narahatlığı olduğunu bildirib.
"Cahangirin vəziyyəti bizdə ciddi narahatlıq doğurur. O, çətinliklə telefona gəlib, indi isə görüşləri də qadağan edirlər", deyə o əlavə edib.
Vəkil Fəxrəddin Mehdiyev bu gün Hacıyevlə görüşə bilməyib. Müdafiəçiyə yenə vəkil otağının məşğul olduğunu bildiriblər.
Hacıyev karserə salındıqdan sonrakı bir həftə ərzində müdafiəçiləri onunla bir dəfə belə görüşə bilməyiblər. Vəkillər bunu "müdafiə hüququnun kobud şəkildə pozulması" kimi qiymətləndiriblər.
O, Hacıyevin doğmaları ilə görüşlərinin qadağan edilməsini qanunsuz adlandırıb. Mehdiyev izah edib ki, Hacıyev həbs edilib, istintaq isə başqa epizodlar üzrə davam edir və doğmalarla görüş hüququnun məhdudlaşdırılması qanunsuzdur.
Vəkil bir müddət əvvəl müdafiəçilərin Hacıyevin yanına buraxılmaması ilə bağlı Penitensiar Xidmətə şikayət edib. Ona cümə axşamı açıqlama verməyi vəd ediblər.
Penitensiar Xidmətin nümayəndələri şərh verməyiblər.
2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkarlanıb. ABB-nin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib, amma özünü təqsirli bilməyib və bütün böyük kreditlərin Müşahidə Şurasının razılığı ilə verildiyini bildirib. Onunla birlikdə ABB-nin bir sıra filiallarının keçmiş rəhbərləri azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Öz növbəsində, Ədliyyə Nazirliyinin Penitensiar xidməti Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasının səbəblərini açıqlayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA agentliyinə bildirib ki, qanunvericiliyə uyğun olaraq hər bir məhkuma telefon danışıqları təqdim olunur:
“Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib. Bununla da daxili nizam-intizam qaydalarını pozub. Qanunvericiliyə əsasən telefon danışığına nəzarət edən əməkdaş telefon danışıqlarının dayandırılması barədə qərar qəbul edib. Bununla əlaqədar məhkum Hacıyev həmin əməkdaşa qarşı kobudluq edib. İntizama dəvət olunmasına baxmayaraq mövcud rejim qaydalarına riayət etməkdən imtina edib. O buna qədər də bir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib ”.
M. Sadıqov bildirib ki, onun barəsində olan tənbeh müddəti bitdiyi üçün artıq cərimə təcridxanasından çıxarılıb.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
Cahangir Hacıyev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.