Accessibility links

Vəkil işgəncə faktı ilə bağlı prokurorluğa şikayət edəcək


Fevralın 20-də həbs edilərək Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alan D18 Hərəkatının üzvü Qadir Ağakişiyev işgəncəyə məruz qalıb. Bu barədə D18 Hərəkatının üzvü, hüquq müdafiəçisi Samira Ağayeva Facebook səhifəsində yazıb.

Bu barədə vəkil Fariz Namazlı fevralın 27-də Ağakişiyevlə görüşdükdən sonra bildirib.

“Sumqayıt şəhər İcra Hakimiyyətindən Qadir Ağakişiyevə zəng ediblər ki, icra hakimiyyətinə gəl, qaldığınız yataqxana plana düşüb. O da gedib. Orada 4 nəfər mülki geyimli şəxs onu tutub Sumqayıt Şəhər Polis İdarəsinə aparıb. Polis İdarəsində 5-6 nəfər Qadir Ağakişiyevi şillə, təpik, yumruqla döyüb, ayaqlarına və böyrəklərinə zərbələr endirərək guya küçədə gedərkən ucadan söyüş söydüyü, polisin qanuni tələbinə məhəl qoymadığı məzmunlu izahata qol çəkməyə məcbur ediblər. O da məcburən qol çəkib. Daha sonra onu Sumqayıt şəhər 3-cü Polis Bölməsinə aparıblar. Orada Qadir Ağakişiyevə qarşı təzyiqlər olmayıb. Onu bir neçə kağıza imza atdırıb daha sonra məhkəməyə aparıblar və 30 sutka müddətinə inzibati həbs veriblər. O, məhkəmədə döyüldüyünü və hər hansı inzibati xətaya yol vermədiyini bildirsə də məhkəmə buna məhəl qoymayıb”, vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, fəalın döyülmə nəticəsində topuğu şişib, ayağında kapilyar damarları partlayıb, aldığı zərbələrdən böyrəkləri ağrıyır.

“Ombudsmanın nümayəndələri ötən həftə Sumqayıt Şəhər Polis İdarəsində olarkən kamerada ayaqüstü söhbət ediblər, onlara da döyülməsi barədə məlumat versə də, heç bir müsbət nəticə yoxdur”, vəkil bildirib.

Q.Ağakişiyev hazırda Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır.

Vəkil Q.Ağakişiyevin döyülməsi ilə bağlı ombudsmana və işgəncələrin araşdırılması üçün prokurorluğa şikayət veriləcəyini deyib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG