Accessibility links

REAL-ın Sumqayıt təşkilatının fəalı həbs edilib (Yenilənib)


Fevralın 20-də Sumqayıt şəhər Məhkəməsi REAL-ın Sumqayıt təşkilatının fəalı, bloger Rahim Şaliyevə inzibati qaydada 30 sutka həbs verib. Fəal xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinib.

REAL-ın fəalın həbsi ilə bağlı yaydığı açıqlamada deyilir ki, bu cür ittihamlar və inzibati həbslər siyasi sifarişlə, müxalif düşüncəli insanları susdurmaq üçün nəzərdə turulub.

“Belə qeyri-qanuni əməllər hüquq-mühafizə orqanlarını siyasi alətə çevirən siyasi hakimiyyətə baş ucalığı gətirmir. Siyasi meydanda tənqidə arqumentlə cavab verməyi bacarmayanlar, belə əməllərlə ölkədə qorxu və xof yatarmağa, gəncləri aktiv siyasətdən uzaqlaşdırmağa çalışırlar”.

REAl bildirir ki, hüquq-mühafizə orqanları siyasətə alət edilməməli, siyasi opponentlərə qarşı şərləmə kampaniyasına son qoyulmalıdır.

“Belə addımlar davamlı olacaqsa, ölkədə siyasi səhnənin tamamilə qapadılması nəticəsində yaranacaq siyasi gərginliyin məsuliyyəti hakimiyyətin üzərinə düşəcək”, açıqlamada deyilir.

***

REAL Hərəkatının Sumqayıt (Bakıdan 36 kilometr şimal) təşkilatınln fəalı, bloger Rahim Şaliyev fevralın 20-də Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət edilib və oradan Sumqayıt Baş Polis İdarəsinə aparılıb.

REAL Hərəkatının məlumatına görə, Rahim Şaliyevə qarşı polisin qanuni tələbinə tabe olmamaq ittihamı irəli sürülüb və o, yaxın saatlarda məhkəməyə göndəriləcək.

“Rahim Şaliyevə qarşı irəli sürülən ittiham absurddur. Hesab edirik ki, o, siyasi fəaliyyətinə görə cəzalandırılır”, REAL-ın Sumqayıt Məclisi bildirir.

Polis fəalın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG