BMT-nin dediyinə görə, qadın və uşaqların ümumi səhhət durumu tarix boyu heç zaman indiki kimi yaxşı olmayıb. Hazırda istifadə edilən genişmiqyaslı proqram çox sayda insanın həyatını xilas edir və bu tendensiya getdikcə sürətlənir.
Hətta ən yoxsul ölkələrdə belə, doğuş zamanı xilas edilən qadınların və körpələrin sayı artır. Bu, BMT tərəfindən dəstəklənən “Hər Qadın, Hər Uşaq” adlı təşəbbüsün bəhrəsidir. Təməli 2010-cu ildə qoyulan təşəbbüsə Dünya Səhiyyə Təşkilatı da daxil edilməklə, 800-dən çox təşkilat qatılıb. "Analar, Körpələr və Uşaqların Sağlamlığı Birliyi"ndən Helqa Foqstad: “Doğuşdan əvvəl və doğuşdan sonra qadınlara qayğılar artır. Körpələrə əvvəllər heç vaxt edilməyən peyvəndlər edilir.”
Hökumətlər və özəl təşkilatlar hamiləlik dövründə qadının və körpənin sağ qalması üçün 45 milyard dollar maliyyə yardımı göstərib. Bu maliyyə yardımı təlimləri, qadınların, uşaqların və yeniyetmələrin qidalanmasının yaxşılaşdırılması, təhsilin təmin edilməsi, sanitariya və suyun təmizlənməsi sahəsinə xərclənib. Nəticə: 1990-cı ildən bəri ana ölümləri dünya boyu 44 faiz azalıb. Digər nailiyyət: 5 yaşa qədər uşaqlar arasında ölüm halları 50 faiz azalıb.
Ümumilikdə bunlar nəhəng humanitar nailiyyətdir. Göstəricilərin iqtisadi cəhətdən də əhəmiyyəti böyükdür. Hökumətlər xəstəliklərlə mübarizəyə xərclədikləri pula qənaət edir və sağlam insan ölkəsinin sərvəti deməkdir. “Qadın, uşaq və yeniyetməyə qoyulan sərmayə ölkələrə və onların ümumdaxili məhsulunun artmasına yardım deməkdir” deyə. Helqa Foqstad bildirir.
Qadın, körpə və yeniyetmələr arasında ölüm halları adətən azgəlirli ölkələrdə çoxdur. 2015-ci ildə dünya boyu 300 mindən çox körpə və qadın hamiləlik dövründə və doğuş zamanı ölüb. Onlardan çoxunu xilas etmək olardı. Həmin il eləcə də dünya boyu 5 yaşa qədər 6 milyon uşaq ölüb. Bu isə hər gün 16 min uşağın ölməsi deməkdir.
Məqsəd proqramı tədricən gücləndirməkdir.