Accessibility links

Harlem Desir: Saxta ittihamlar əsasında çıxarılmış bu hökm azad mediaya açıq hücumdur


ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Desir
ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Desir

ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Desir Əfqan Muxtarlının Azərbaycanda Balakən rayon məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini qınayıb.

“Saxta ittihamlar əsasında çıxarılmış bu hökm azad mediaya açıq hücumdur. Müstəqil jurnalistlərin susdurulması heç vaxt qəbul edilə bilməz. Ümid edirəm ki, bu hökm appelyasiya üzrə ləğv olunacaq”, Harlem Desirin bəyanatında deyilir.

ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi bundan öncə rəsmiləri Əfqan Muxtarlıya qarşı ittihamları ləğv etməyə və onun ifadə azadlığına hörmət etməyə çağırıb.

Əfqan Muxtarlı “qaçaqmalçılıq”, “sərhəddi qanunsuz keçmək”, və “hakimiyyət nümayəndəsinə müqavimət göstərmək” ittihamları ilə məhkum edilib.

Əfqan Muxtarlı bildirildiyi kimi, 2017-ci ilin may ayında Tbilisidə oğurlanıb. Harlem Desir Gürcüstan rəsmiləri tərəfindən istintaqın başa çatmadığını xatırladıb.

ABŞ Dövlət Departamenti, Avropa İttifaqının xarici siyasət şöbəsi, beynəlxalq media hüquqları təşkilatları Əfqan Muxtarlının azadlıqdan məhrum edilməsini qınayan bəyanatlarla çıxış edib.

Birləşmiş Ştatlar jurnalist Əfqan Muxtarlının altı il azadlıqdan məhrum edilməsindən narahatlıq keçirdiyini bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Hether Nauertin açıqladığı bəyanatda Birləşmiş Ştatlar Azərbaycan hökumətini “Əfqan Muxtarlı və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş digər şəxsləri azad etməyə” çağırıb.

Avropa İttifaqı Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsini pisləyib. Qurumun xarici siyasət şöbəsinin rəhbəri Fedrika Mogerinin sözçüsü Maya Kosiyançiç yanvarın 14-də verdiyi açıqlamada bildirib ki, bu hökm ölkədə fundamental insan haqları ilə bağlı “ciddi suallar” yaradır.

Jurnalist özü cinayət işinin saxtalaşdırıldığını və hakim elitanın korrupsiya faktlarını araşdırdığına görə təqib olunduğunu bildirib.

XS
SM
MD
LG