Accessibility links

Harayın bu həftə mövzusu Bəzz qalası və Babəkin Azərbaycan tarixində yeridir


Süleyman Əliyarlı, tarix elmləri doktoru
Süleyman Əliyarlı, tarix elmləri doktoru

Bakı Dövlət Universitetinin professor, tarix elmləri doktur Süleyman Əliyarlı deyir ki, Xürrəmilər hərəkatı xilafətə qarşı Azərbaycanda yer almış bir xalq savaşının beyin mərkəzi olub. Cənab Əliyarlı ilə müsahibəni sizə təqdim edirik



Sual: Bəzz qalasının Azərbaycan tarixində yerini necə görürsünüz?

Cavab: Bəzz qalası Xürrəmilər hərəkatıdır, yəni xilafətə qarşı Azərbaycanda yer almış bir xalq savaşının beyin mərkəzi olmuşdur. Ona görə də Azərbaycan tarixində mühüm yer alması tamamilə anlaşılandır.

Sual: İyul ayının əvvəllərində İranda yaşayan azərbaycanlılar və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar yüksək dağ zirvələrinə qalxırlar və bu günü qeyd edirlər. Yəni bu gündən baxanda Babək hərəkatı Azərbaycan tarixində necə görünür?

Cavab: Bəzz qalası xilafətə qarşı böyük savaşın beyin mərkəzi olub. İndi bu qala ikinci dəfə olaraq yenidən tariximizə dönmüş olur. Güney Azərbaycanda Azərbaycan düşüncəsi ilə yaşayan insanlarımızın hətta həbslərə və təqiblərə baxmayaraq öz istəklərini bildirmək üçün məhz Bəzz qalasına yürüş etməsi və onu anması Bəzz qalasının yenidən tariximizə dönməsi deməkdir. Mən bu hadisələrdən bir qədər sonra baş vermiş bir tarixi faktı xatırlatmaq istəyirəm. Söhbət XIV-XV əsr tarixindən gedir. Fəzlullah Nəimi Təbrizinin oğullarından biri Nurulla atasının ardıcılı Həsənlə yazışma aparmışdı. Bu Hürufilik tarixini öyrənmək üçün ilkin qaynaqlardan biridir. Məktubların birində Fəzlullah Nəiminin oğlu Nurullah yazır: “Teymur Mirahşah bütün cağataylar asidirlər. Lənətə gəlmiş Miranşahı qətlə yetirən qılıncın üzünə bir qızıl çəkəcək, onu öpüb, qarşısında baş əyəcək”. Yəni, xalqın qurtuluş hərəkatında, xalqın olum-ölüm problem qarşısında durduğu zamanlarda müəyyən tarixi faktların, amillərin böyük bir tarixi-mənəvi rəmzə, bütöv bir milləti təmsil edə biləcək bir rəmzə, simvola çevrilməsi tamamilə qanunauyğun hadisədir. İndiki Güney Azərbaycan insanının Bəzz qalasına müraciət etməsi, o deməkdir ki, Bəzz qalası artıq bizim bütün xalqımız üçün böyük bir tarixi rəmzə çevrilmişdir və Bəzz qalası bunun nəticəsində doğurdan da yenidən tarixə dönmüşdür. Nə zamansa, bizim hansı nəsilsə, o qalanın hətta daşlarını saxlayıb, onlar qarşısında səcdə edəcəklər. O daşları öpəcəklər. Nə üçün? Ona görə ki, xalqımızın tarixində olum-ölüm probleminin həlli zamanı Bəzz qalası böyük mərkəzlərdən biri olmuşdur. Təsadüfi deyil ki, miladi təqvimlə 837-ci ildə Bəzz qalası çökdükdən sonra artıq Babəki ölüm yoluna alıb aparırdılar, Səmərra şəhərinə. Və böyük türk sərgərdəsi, xilafət ordularının baş komandanı Heydər ibn Kavus Afşin Babəkə söyləyir: “Sən indi ölümə gedirsən! Son istəyin nədirsə söylə. Mən onu yerinə yetirəcəyəm ”. Heç bir şey istəməyən Babəkin cavabı belə olur: “Mən öz şəhərimi görmək istərdim”. 837-ci ilin avqust ayı idi, aylı bir gecədə Babəki gətirdilər Bəzz qalasına və dağıdılmış binaların önündə cəsədləri qalanmış savaş yoldaşları ziyarət etdikdən və Bəzz qalası ilə vidalaşdıqdan sonra Babək söyləyir: “İndi aparın məni!”

Sual: Azərbaycanın gələcək tarixini necə görürsünüz?

Cavab: Xürrəmilər hərəkatı və onun lideri Babəklə ayrılmaz bir vəhdətdə olan Bəzz qalası – bunlar Azərbaycan tarixinin parlaq səhifələridir. Nə qədər Azərbaycan anlayışı varsa, coğrafi mənada yox, etno-siyasi mənada, milli-siyasi mənada, dövlətçilik mənasında, nə qədər dünyada Azərbaycan türkü adlanan bir xalq varsa, heç şübhə yoxdur ki, gələcək bütün ağır mürəkkəb keçidlərdə və aşırımlarda Babəkin adı və Bəzz qalasının adı Azərbaycan insanlarının və Azərbaycan gənclərinin yanında olacaqdır və onlara mənəvi ruh verəcəkdir.

XS
SM
MD
LG