Oktyabrın 7-də İsrailə qarşı hücumların təşkilatçısı olduğu güman edilən HƏMAS lideri Yəhya Sinvar indi Fələstin terror qruplaşmasının həm yeni siyasi rəhbəri, həm də Qəzzadakı hərbi lideridir.
Təhlilçilər Qəzzada döyüşləri dayandırmaq və girovları geri qaytarmaq üçün Sinvarın İsraillə atəşkəs sazişi bağlamasının çətin olacağını desələr də, HƏMAS sözçüsü Sinvarın danışıqları davam etdirəcəyini bildirib.
Vaşinqtonun Yeni Xəttlər İnstitutundan Nikolas Heras Amerikanın Səsi-nə deyib ki, Yəhya Sinvarın yekdilliklə HƏMAS-ın yeni siyasi rəhbəri təyin edilməsi onu göstərir ki, hazırda siyasi rəhbərliyin yerləşdiyi yer Qətərdə deyil, Qəzzadadır.
"İndi HƏMAS təkcə İsrailə, ABŞ-a, Qətərə və Misirə deyil, dünyaya çox açıq şəkildə bəyan edir ki, yolu Qəzzadan keçir və HƏMAS əsas etibarilə nəinki təşkilat olaraq özünün qorunması üçün, Fələstin xalqının gələcəyi baxımından da ən acı sona qədər mübarizə aparmağa hazırdır. Lakin HƏMAS israillilərə və onlarla işləyən hər kəsə işarə edir ki, Qəzzanı və Qəzzanın gələcəyini HƏMAS-dan ayırmağın heç bir yolu yoxdur" - deyə, Heras bildirib.
ABŞ Dövlət katibi Antoni Blinken 10 aylıq Qəzza münaqişəsində atəşkəs razılaşmasının əldə edilməsinin indi Yəhya Sinvardan asılı olduğunu, çünki onun "əsas qərar verən şəxs olduğunu və olaraq qaldığını" deyib. Bu onu göstərir ki, hətta HƏMAS-ın yüksək səviyyəli müzakirəçisi, nisbətən daha mötədil hesab edilən İsmayıl Haniyə hələ sağ ikən də belə idi.
Qətərdəki Şimal-Qərb Universitetinin HƏMAS üzrə mütəxəssisi Xalid Hroub Fransanın Le Monde qəzetinə müsahibəsində "İsrail, ABŞ və onların regiondakı və onun hüdudlarından kənardakı müttəfiqləri HƏMAS-ı güc yolu ilə tabe etmək ümidindədirlərsə, bu, o deməkdir ki, HƏMAS daha radikal olacaq" deyib.
Avropa Şurasının Xarici Əlaqələr şöbəsinin Körfəz üzrə mütəxəssisi Cinziya Biankonun Amerikanın Səsi-nə dediyinə görə, Qətər səkkiz aydır razılığın əldə olunmasına çalışsa da, HƏMAS həqiqətən də İranı nümunə götürür.
"Onlar yalnız İranı və bəlkə də müəyyən dərəcədə digər xarici dəstəkçilərə - Rusiya və Çini də dinləyir. Siyasi və hərbi səbəb indi birdir. Bu o deməkdir ki, Qətərin təsiri indi daha azdır" Bianko bildirib.
İsrail və ABŞ kəşfiyyatı zabitləri The New York Times-a deyiblər ki, Sinvarın strategiyası "İsrailin beynəlxalq reputasiyasına və onun əsas müttəfiqi olan ABŞ-la münasibətlərinə xələl gətirməkdir və bunun üçün Qəzzada müharibəni lazım olan müddətdə davam etdirməkdir".
Forum