Accessibility links

Haiti rəsmiləri: Prezidentə edilən sui-qəsdlə əlaqədar 10-dan çox insan həbs edilib


Haiti prezidenti Jovenel Moizə qarşı sui-qəsdlə əlaqədar olaraq 10-dan çox adam nəzarətə alınıb.

Ölkə rəsmiləri paytaxt Port-o-Prins yaxınlığındakı şəxsi iqamətgahında prezidentin ölümündə iştirak edən və "muzdlu" adlandırılan 26 kolumbiyalı və iki haitili amerikalı da daxil olmaqla 28 nəfərdən ibarət silahlı qrupun həbs edildiyini bildirir.

Milli Polis Direktoru Leon Çarlz cümə axşamı bildirib ki, qətldə şübhəli bilinən üç nəfər öldürülüb, səkkiz nəfər isə hələ də axtarılır. Polis bundan əvvəl öldürülənlərin sayının dörd olduğunu desə də, Leon Çarlz rəqəmlərdəki uyğunsuluq barədə fikir bildirməyib.

"Muzdluların təqibi davam edir. Onların taleyi bəllidir. Ya mübarizə aparan vaxt öləcəklər ya da ki, həbs olunacaqlar" deyə Çarlz bildirib.

Digər tərəfdən Tayvan cümə günü səhər yaydığı bəyənatda bildirib ki, Port-o-Prinsdəki səfirliyin ərazisində polisdən qaçmağa çalışan 11 şübhəli şəxs saxlanılıb.

ABŞ Dövlət Departamenti hələ ki, iki ABŞ vətəndaşının həbs olunduğu barədə məlumatları təsdiqləməyib.

Cümə axşamı gecə saatlarında isə Kolumbiya hökuməti öldürülən iki şübhəli şəxs də daxil olmaqla ən azı altı nəfərin Kolumbiya ordusunun təqaüddə olan keçmiş zabitləri olduğunu təsdiqləyib. Lakin hökumət şübhəlilərin şəxsiyyətini açıqlamayıb.

Haitinin müvəqqəti Baş naziri Klod Cozef ölkədə hərbi vəziyyət elan edib. "Bu qətl cəzasız qalmayacaq" deyə Cozef çərşənbə günü 11 milyonluq yoxsul xalqa müraciəti zamanı bildirib.

XS
SM
MD
LG