Bu gün Azərbaycanın Hacıqabul rayonunda (Bakıdan 110 kilometr cənub-qərb) yanacaqdoldurma stansiyasında partlayış baş verib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gedib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsi və orada olan avtomobillər yanıb.
Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilib. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb.