Accessibility links

Həkim: Saleh Rüstəmlinin həyatı üçün təhlükəli dönəm başlayıb


“Artıq Saleh Rüstəmlinin həyatı üçün təhlükəli bir dönəm başlayıb. Saleh Rüstəmli uzun müddətdir aclıq edir və buna uyğun olaraq orqanizmində dəyişikliklər baş verib. Xeyli çəki itirib. Aclığa uyğun olaraq başqa orqan və toxumalarda da dəyişliklər olub.”

Bu barədə müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla dekabrın 14-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində 39 gündür aclıq edən və dekabrın 13-dən quru aclığa keçən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli ilə görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

Həkim həyat üçün təhlükədən danışaşrkən deyib ki, aclıqla yanaşı, yəni immun sistemin xeyli zəifləməsi fonunda hər hansı yan xəstəliyin qoşulması (məsələn, pnevmoniya, soyuqdəymə və s.) onun vəziyyətini kəskin ağırlaşdıra bilər.

“Bu səbəbdən Rüstəmlinin mülki xəstəxanaya köçürülməsi və reabilitasiya məsələsi gündəmə gətirilməlidir. Mən həkim kimi bunu təklif etmişəm. İndi müvafiq qurumların təklifini gözləyirik. Görək nə qərar verəcəklər. Hər halda mülki xəstəxanaya köçürülsə ona daha çox yardım edə bilərik,” o qeyd edib.

Adil Qeybulla deyib ki, quru aclıq, yəni sudan imtina çox təhlükəlidir.

“Bu zaman çox yaxın günlərdə bədəndə dövranda olan mayenin miqdarı azalar və xəstə komaya düşə bilər. Komaya düşəndən sonra xəstənin komaya necə reaksiya verəcəyini və komadan necə çıxacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir,” tibb elmləri doktoru bildirib.

Adil Qeybulla deyib ki, Rüstəmlinin məcburi və ya süni qidalandırılması ilə bağlı hələ cəhd olmayıb.

“Mən ondan soruşdum. Belə cəhd olsa idi o mənə deyərdi. Ona aclığı dayandırmaq və ya zondla qidalandırmaq təklif olunub. Rüstəmli bundan imtina edib,” həkim qeyd edib.

Rüstəmli quru aclığa keçəndən sonra, dekabrın 13-də onun 4 nəfər ailə üzvü quru aclığa başlayıb. Bu gün Rüstəmlini müdafiə məqsədi ilə 7 nəfər aclıq edir.

Penitensiar Xidmət Saleh Rüstəmlinin quru aclığa keçməsi ilə bağlı hələ şərh verməyib.

Yalnız dekabrın 9-da Penitensiar Xidmətdən yerli mediaya bildiriblər ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmlinin qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.

“Rüstəmliyə, həmçinin dekabrın 7-də Azərbaycan Tibb Univerisitetinin professoru, tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib”, Penitensiar Xidmət bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.

AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.

“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.

XS
SM
MD
LG