Accessibility links

Həbsdə olan keçmiş səfir yenidən hospitala köçürülüb


Eldar Həsənov
Eldar Həsənov

Keçmiş səfir Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalına köçürülüb.

Vəkil Cavad Cavadov bildirib ki, iyulun 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında istintaq hərəkəti zamanı Eldar Həsənov növbəti başgicələnməsi səbəbindən yerə yıxılıb.

“Şənbə və bazar günü təcridxanada tibb personal olmadığından ona dərhal yardım göstərilə bilmədi. Hər bir növbəti yıxılma sonuncu ola bilər. Bu gün Eldar Həsənov yenidən DTX-nın Hərbi Hospitalına köçürüldü. Onda aşkar olunan paroksizmal pozision vertiqo-nun əslində müalicəsi yoxdur, profilaktikası vardır və həbs şəraitində bu mümkün deyil. Ömürlük xəstəlikdir, daimi başgicələnmələri olacaq. Bu xəstəlik həbsdə olduğu müddətdə yaranıb. Eldar Həsənovun yaşının 66 olmasını nəzərə alaraq Baş Prokurordan onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ev dustaqlığına buraxılması üçün təcili məhkəməyə təqdimat verməsini xahiş edirəm,” vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicələnmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edir.

“İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb. Hospitalda stasionarda olan zaman, müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunub. Beləliklə hazırkı vaxtadək başgicələnmələrin və yıxılmaların səbəbi bu xəstəlik olub,” o qeyd edilir.

Avropa İnsan Haqları Məhkəməsi bu il mayın 7-də və iyunun 23-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul etmişdi. Bundan sonra iyulun 2-də keçmiş səfir Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalında əməliyyat olunub.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. 2020-ci ilin avqustunda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Eldar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.

Keçmiş səfir ittihamları qəbul etmir. Bu cinayət işi üzrə həbs edilən Xarici İşlər Nazirliyinin digər əməkdaşlarının hamısı barədə həbs qətimkan tədbiri dəyişdirlib. Yalnız Həsənov həbsdədədir.

XS
SM
MD
LG