Keçən həftə İran Prezidenti Həsən Ruhani ABŞ prezident seçkilərində qalib elan edilən Co Baydeni nüvə anlaşmasına qayıtmağa çağırdı. Lakin Amerikanın Səsinə danışan siyasi ekspert Hüseyn Paşayi hesab edir ki, ABŞ və İran arasında yeni bir anlaşma əldə edilsə də, bu, Həsən Ruhani dönəmində olmayacaq.
Prezident Donald Tramp administrasiyası 2018-ci ilin may ayında 2015-ci ildə İran və Qərb ölkələri arasında əldə edilən nüvə sazişindən çıxmaq qərarı verdi. Qərardan bir neçə ay sonra ABŞ-ın İranın gəmiçilik, aviasiya, maliyyə və enerji sektorlarını hədəf alan geniş sanksiyaları qüvvəyə mindi.
Hüseyn Paşayinin sözlərinə görə, “İran Tramp administrasiyası ilə bir anlaşmaya əsla yanaşmadı. 3 il müqavimət göstərdi. Bunun təsirləri isə ən çox millətin süfrəsinə və cibinə əks edildi. İranın yeni anlaşma üçün Trampın seçilməməsini gözləməsi bir risk idi, bir növ qumar idi.”
İranda 2021-ci ilin iyun ayında keçiriləcək prezident seçkilərinə diqqət çəkən ekspertin fikrincə, İranın dini lideri Seyyid Əli Xameneyi ABŞ ilə müzakirələrin bərpa edilməsini seçkilərə qədər təxirə salacaq və bu vəzifəni Ruhanidən sonra gələn hökümətə verəcək.
“Bayden administrasiyası gəldikdən sonra da Xameneyi İranın prezident seçkilərini gözləyəcək. Çünki Xameneyiyə yaxın çevrələr bir daha Cavad Zərifin çevrəsini və Ruhani hökümətini Amerikanın qarşısında oturtmayacaqlar. Yəni gözləyəcəklər və özlərinə yaxın bir prezident seçdirəcəklər.”
Paşayinin fikrincə, İran İslam Respublikası ABŞ-la müzakirələri təxirə salmasaydı prezident Tramp ilə daha rahat bir anlaşma əldə bilərdi.
Xameneyiyə yaxın çevrələr bir daha Cavad Zərifin çevrəsini və Ruhani hökümətini Amerikanın qarşısında oturtmayacaqlar. Yəni gözləyəcəklər və özlərinə yaxın bir prezident seçdirəcəklər.
“Mən düşünürəm ki, İran bu qədər gözləməsəydi, Tramp ilə bir nəticəyə çatmaq Baydendən daha rahat olardı İslam Respublikası üçün. Trampın keçmiş təcrübələrinə baxanda, Quzey Koreya və başqa nümunələrə, düşünürəm ki, Tramp bu şansı İrana vermək istəyirdi ki, özü də bundan ABŞ prezident seçkilərində istifadə etsin,” ekspert söyləyir.
O, Barak Obamanın prezidentliyi dönəmində əldə edilən nüvə sazişinin bir daha əldə edilməsinin mümkün olmayacağını önə çəkir:
“Məncə, İslam Respublikasını yaxşı günlər gözləmir. Bu ki deyək, Bayden administrasiyası rahatlıqla nüvə anlaşmasına qayıdacaq və sazişə qaldığı yerdən davam edəcək, bunu biraz çətin görürəm. Hətta Cavad Zərif bir dəfə demişdi ki, Obama təkrar olunmayan bir fürsətdir. Bayden Amerika siyasətinin əsas xəttindən gəlir. Deyə bilərəm ki, Demokratlar içində sağa və Respublikaçılara ən yaxın höküməti görəcəyik.”
“Baydenin işi, əgər qərar olsa qayıda o anlaşmaya, çox çətin olacaq. Çünki, Bayden həm gərək içərini razı sala, yəni Senatı ki Respublikaçıların əlində olacaq gərək onları razı sala. Ayrı önəmli mövzu da Amerikanın Yaxın Şərqdəki müttəfiqləri, ərəb ölkələri və İsrail məsələsidir,” Hüseyn Paşayi əlavə edir.