Accessibility links

Hüquq müdafiəçisini hədələyən şəxs polisə çağırılıb


Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb.

Bu barədə Amerikanın Səsinə Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, Daxili İişlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Səfərovla telefonla əlaqə saxlayıb: "Ehsan Zahidov zəng edib məni ölümlə hədələyən Nasir Əsgərovun polisə gətirildiyini, ondan izahat alındığını və hazırda işlə bağlı araşdırma aparıldığını dedi. Ehsan Zahidov onu da bildirdi ki, Nasir Əsgərov əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) məhkum olunub."

Hüquq müdafiəçinin sözlərinə görə, Ehsan Zahidov onun təhlükəsizliyinə tam təminat verildiyini deyib:

"Ümid edirəm ki, araşdırma qanunauyğun sürətdə aparılacaq, məsuliyyət tədbirləri təyin olunacaq .Bundan sonra ictimai fəaliyyətimizdə bu kimi qanuna zidd davranışlarla qarşılaşmayacağıq. Xüsusilə, bizi narahat edən məsələ bundan ibarətdir ki, sözügedən təhdid dolu zəngdən sonra mənim istifadəmdə olan Whatsaap nömrəyə ard-ardaya hədələyici məktublar daxil olur.“

O hesab edir ki, bütün bunlar "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının prinsipial fəaliyyəti ilə əlaqədardır.

“Düşünürəm ki, bu kimi təhdidlər, hədə-qorxular mənim nümayiş etdirdiyim hüquq-müdafiə fəaliyyətimlə əlaqəlidir," Səfərov qeyd edib.

Hələlik hüquq müdafiəçinin dediyi şəxslə danışmaq mümkün olmayıb.

Rüfət Səfərovun Amerikanın Səsinə verdiyi məlumata görə ona qarşı hədə mayın 14-də günorta “Facebook”un “Messenger” bölməsindən gəlib.

“Günorta radələrində gördüm ki, “Messenger”də mənə bir nəfər yazdı. Mənə xatırlatdı kimdir. Mən də dostluğa qəbul etdim. Adamın üzünü bir neçə ay əvvəl bir dəfə gördüm və ondan sonra görmədim. Mənə təcili görüşmək lazım olduğunu dedi, nömrəmi istədi".

Hüquq müdafiəçisi deyir ki, o görüşmək istəməyib.

“O mənə bildirdi ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində bir nəfərin taleyi həll olunur. Mənimlə əvvəlcə hörmətlə, ehtiramla danışırdı. Onun israrla görüş təklifindən şübhələnib görüşmək istəmədiyimi deyəndən sonra o mənə sevgilisinə sataşdığımı və buna görə cavab verəcəyimi dedi. Ona məni rahat buraxmadığı təqdirdə polisə müraciət edəcəyimi bildirdim. O isə mənə "adam öldürdüyümə görə həbsdə yatan adamam, qorxmuram" dedi".

Rüfət Səfərovun sözlərinə görə, bu, məişət problemi deyil:

“Mən tam deyə bilmərəm ki, kiminsə göstərişini yerinə yetirir. Əlimdə fakt, əsas yoxdur. Hər halda böyük ehtimal edirəm ki, öyrədilmiş adamdır. Başqa cür necə ola bilər ki, mənə zəng eləsin, görüşə çağırsın. İmtina etdikdə isə mənə böhtan atsın?”

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG