Bir qrup hüquq müdafiəçisi Azərbaycan prezidentinə, baş prokurora koronavirus təhlükəsi ilə bağlı cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların bir qismini azad etməsi xahişi ilə müraciət edib.
Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov, Eldar Zeynalov və Zəlihə Tahirovanın imzaladığı müraciətdə siyasi məhbus kimi tanınan şəxslərin, cəzasının böyük hissəsini çəkənlərin, az ağır cinayətdə ittiham edilənlərin azadlığa buraxılması xahiş edilir.
Bunu Amerikanın Səsinə hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
“Səid Dadaşbəyli və onunla bərabər həbsdə olan şəxslərin həbs müddətinin bitməsinə cəmi 2 ay qalıb. Qarabağ müharibəsində döyüşmüş, əlil olmuş məhbuslar var. Bu insanlar nəhayət azadlığa buraxılmalıdır,” Novella Cəfəroğlu qeyd edib.
Son günlər bir sıra cəzaçəkmə müəssisələrində məhkumlar arasında koronavirusa yoluxanlar aşkarlanıb. Ədliyyə Nazirliynin mayın 12-də yaydığı məlumata görə, artıq 33 məhkum koronovirusa yoluxub. Məhbusların ailələri isə infeksiyaya yoluxanların yüzdən çox olduğunu bildirir.
Rəsmi mənbələr əsas yoluxma hallarının 13 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alındığını bildirir. Bu müəssisədə həbsdə olan Beynəlxalq Banlkın keçmiş sədri Cahangir Hacıyev və Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov ailə üzvlərinə deyib ki, koloniyadan doxsandan çox infeskiyaya yoluxmuş məhbus çıxarılıb. Qeyri-rəsmi mənbələrə görə, koloniyadakı klubdan hazırda xəstə məhbusların izolyasiyası üçün istifadə olunur.
Rəsmi mənbələrdən indiyədək koronavirusa yoluxan məhbusların son sayı və səhhəti ilə bağlı hər hansı məlumat almaq mümkün olmayıb. Rəsmilərdən biri deyib ki, koloniyalarda xəstəlik nəzarət altına alınıb.