“Gəncə işi” ilə bağlı həbsdə olan məhbus Müşfiq Qurbanov noyabrın 30-da, gecə saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasında vəfat edib.
Bu barədə hüquq müdafiəçisi Samirə Ağayeva Facebook səhifəsində məlumat yayıb.
Hüquq müdaqfiəçisi, Müşfiq Qurbanovun yaxınlarına istinadən onun ürək tutmasından öldüyünü bildirir.
“Gəncə işi” ilə bağlı 2018-ci il oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Müşfiq Qurbanov 2020-ci il yanvarın 17-də Bakıya gətirilib.
O, 2018-ci ildə baş vermiş Gəncə hadisələri zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd kimi əməllərdə ittiham olunurdu.
Anası Anisa Qurbanova deyib ki, oğlu işləmək üçün 2017-ci ilin fevralında Rusiyaya gedib. 2018-ci ilin oktyabr ayında isə Moskvada yaşadığı evin qarşısında tutulub.
“Uşaqlarının gözünün qabağında mülki geyimli polislər oğlumu tutub maşına basıblar. Səbəbini bilmədiyinə görə ailəsi çox qorxub. Polislər 5 saat sonra evə zəng edərək bildirib ki, Gəncə olaylarına görə həbs edilib.”
Anisa Qurbanova deyib ki, oğlu ümumiyyətlə, Yunus Səfərovu tanımayıb.
Müşfiq Qurbanov “Gəncə işi” üzrə həbs yerində vəfat edən 3-cü məhbusdur. Bundan öncə, bu iş üzrə həbsdə olan Aydın Qurbanov, Eşqin Quliyev vəfat edib.
Hüquq müdafiəçilərinin dediyinə görə, hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Elman Quliyevin də səhhəti çox ağırdır.
Penitensiar Xidmət hələ ölümün səbəbi ilə bağlı şərh verməyib.
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə bu iddianı təkzib edir.
Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.
Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və başqa əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.
Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.
Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.