Azərbaycanın muğam ifaçıları Əsgər Əsgərzadə və Yunis Qasımzadə Nyu- Yorkda konsert proqramı ilə çıxış edib. Gənc ifaçıların hər ikisi uşaqlıqdan muğamla məşğuldur. Ağdamlı musiqiçilərin milli musiqiyə olan marağı onları Amerika Birləşmiş Ştatlarına qədər gətirib çıxarıb.
Konsert amerikalı tarzən Cefri Verbok və Prinston Universitetinin professoru Maykl Renoldsun təşəbbüsü ilə baş tutub. Başqa sözlərlə desək, Azərbaycan musiqisi digər ölkə vətəndaşlarının maddi və mənəvi dəstəyi nəticəsində daha bir neçə səhnədə təbliğ olunur.
Konsertin əvvəlində Cefri Azərbaycanda uşaqların muğam ifa etməsi ilə bağlı heyrətini dilə gətirib:
“Azərbaycanda uşaqların muğamat oxuduğunu öyrənəndə heyran oldum. Təsəvvür edin, İtaliyanın bir kəndində tətildəsiniz, bir də görürsünüz kənddəki balaca uşaqların hamsı Fiqaro operasından bir mahnını professional səviyyədə ifa edir. Mənim 10 il boyu öyrənməyə çalışdığım parçaları balaca uşaqlar qeyri-adi texnikayla oxuyur. Bu fitri istedaddır. Azərbaycan belə bir ölkədir.”
Cefri konsertdə onunla bərabər səhnədə ifa edən xanəndə Əsgər Əsgərzadəni hələ 12 yaşından tanıyır və hələ də sənətlə məşğul olmasına dəstək olmağa çalışır. Ağdamdan Amerikaya gələn gənclər konsertdə böyük həvəslə çıxış edib:
“Amerikaya Azərbaycan muğamını təmsil etməyə gəlmişik. Muğam bizim milli atributumuzdur. İlk dəfədir ki, Amerikada çıxış edirik. Biz bu gün Nyu-Yorkda həm milli geyimlərimizi nümayiş etdirik, həm də musiqi alətlərimizi. Azərbaycan musiqisini xarici ölkələrdə təmsil etdiyimiz üçün qürur duyuruq. Bizim kimi Azərbaycan incəsənəti və mədəniyyətini təbliğ edən hər kəsə uğurlar arzu edirik.”
Musiqiçilər qeyd etdi ki, Nyu-York konsertindən sonra Nyu-Cersi ştatında yerləşən Prinston Universitetində səhnəyə çıxacaqlar. Bu çıxış Cerfi Verbokun Prinston Universitetindəki üçüncü çıxışı olacaq. O, daha öncə də by universitetdə Azərbaycan musiqisi ifa edib. Eyni zamanda, Azərbaycan mədəniyyəti və tarixi haqda mühazirələr keçirib.