Accessibility links

Gürcüstanda ABŞ-la birgə hərbi təlimlərdə Azərbaycanın da iştirak edəcəyi bildirilir


Gürcüstanda ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək. Təlimlər iyulun 26-dan avqustun 6-dək davam edəcək.

ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək.

Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

“Agile Spirit 2021” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq.

Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, OBIRIX yük gəmisi Poti limanına 173-cü ABŞ Hava-Piyada Briqadası və 18-ci Hərbi Polis Briqadasına məxsus zirehli maşınlarını (HMMWV Hummers) və maddi-texniki təchizat üçün avadanlıq gətirib. Yüklər Rumıniyanın Konstanta limanından gətirilib.

Nazirlik bildirir ki, ABŞ hərbçiləri hava təlimində iştirak etmək üçün Gürcüstana gələcək və məşq yerlərində - Senaki, Orfololo və Vaziani-də yerləşdiriləcəklər.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti qeyd edir ki, “Agile Spirit 2021” təlimləri regional sabitliyə və təhlükəsizliyə töhfə verir, həmçinin NATO üzvü və tərəfdaş ölkələrin regional böhranlara və çağırışlara daha təsirli cavab vermə qabiliyyətini inkişaf etdirir.

Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

XS
SM
MD
LG