Accessibility links

Güneyli jurnalist Yavər Sultani sərbəst buraxılıb


Yavər Sultani
Yavər Sultani

Güneyli siyasi məhbus jurnalist Yavər Sultani həbs müddəti bitdikdən sonra Makı həbsxanasından sərbəst buraxılıb.

İran Azərbaycanında insan haqları müdafiəçilərindən əldə edilən məlumata görə, Qərbi Azərbaycan vilayətinin Makı (Maku) şəhərinin sakini jurnalist və türk fəal Yavər Sultanı aprelin 3-də həbs cəzasının müddəti bitdikdən sonra sərbəst buraxılıb.

Jurnalist Makı şəhərinin bir meydanında video görüntülü reportaj hazırlayıb yaydığı üçün ilkin məhkəmədə 1 il həbsə və apellyasiya məhkəməsində isə 4 ay həbsə məhkum edilmişdi. O, keçən il dekabr ayının 7-də polis tərəfindən tutularaq həbs cəzasının tətbiq edilməsi üçün həbsxanaya köçürülmüşdü.

Sultani "Maku Times" adlı İnstagram səhifəsində Makı şəhərinin Həftə meydanından götürülmüş şair Firdovsinin heykəlinin geri qaytarılmamasını bir video reportaj paylaşaraq tələb etmişdi. Həmin video reportajın yayılmasından sonra azərbaycanlı fəal İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumu tərəfindən saxlanılıb daha sonra məhkəmə tərəfindən "cinayət və şiddət törətmək hədəfi ilə mitinqə çağırış vermək" ittihamı ilə mühakimə edilmişdi.

Yavər Sultani administratoru olduğu 'Maku Times' İnstagram səhifəsində yayımladığı video görüntülü reportajında orta əsrlər dövrünün şairi Firdovsinin bələdiyyə tərəfindən müvəqqəti olaraq qaldırılmış heykəlinin qaytarılmamasını və onun yerinə Azərbaycan qəhrəmanlarının heykəllərindən yerləşdirilməsini tələb etmişdi.

XS
SM
MD
LG