İslam İnqilabı Qvardiyasınn təhlükəsizlik qurumu tərəfindən iyulun 13-də saxlanılan jurnalist və türk fəal Yavər Sultani müvəqqəti olaraq sərbəst buraxılıb.
Amerikanın səsinin İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, Maku Times adlı İnstagram səhifəsinin rəhbəri çərşənbə axşamı iyulun 14-də Maku həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıb.
Qərbi Azərbaycan vilayətinin Maku şəhərinin sakini olan türk jurnalistə qarşı "ümumi intizamı pozmaq məqsədi ilə çağırış vermək" və "ictimai rəyi rahatsız etmək" kimi ittihamlar irəli sürülüb.
Maku prokuroru jurnalistdən bir il müddətincə sosial mediada fəaliyyətini dayandıracağı barədə yazılı təəhhüd alıb və o, 50 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb. İran Azərbaycanında hüquq müdafiəçilərindən əldə edilən məlumata görə, girov vəsiqəsinin etibarılılığı internetdə jurnalistika fəaliyyətlərinin dayandırılmasına bağlıdır. Belə ki, Yavər Sultani fəaliyyətini Maku Times və internet sahəsində davam edərsə, girov etibarsız sayılacaq və "məhkəməyə qədər müvəqqəti sərbəst buraxılması" qərarı ləğv edilərək, məhkəmə prosesi başlayan zamana qədər təkrar həbs ediləcək.
Firdovsi heykəlinin qaldırılması haqda Yavər Sultaninin paylaşımı
ABŞ-da afroamerikalı Corc Floyd Minneapolis şəhərində ölümündən sonra bir sıra Avropa ölkələrində irqçiliyə qarşı etirazlar baş verdiyini və etirazlar zamanı bir çok şəhərlərdə irqçilik simvolu olan şəxsiyyətlərin heykəllərinin endirilməsinə toxunan Yavər Sultani Maku şəhərinin meydanında şair Firdovsinin heykəlinin qaldırılması haqda reportaj hazırlayaraq, MakuTimes İnstagram səhifəsindən yayımlamasının ardından saxlanılmışdı.
Maku bələdiyyəsi bəyanat yayaraq heykəlin meydandan qaldırılmasının şəhər meydanlarında apardığı təmir işləri layihəsi çərçivəsində olduğunu və yenidən heykəlin meydana qaytarılacağını qeyd etdi.
İran şairi Əbülqasim Firdovsinin bir sıra şeirləri İran Azərbaycanında milli fəallar tərəfindən anti-türk və irqçi kimi qəbul edilir.